Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri azad edilmişdir. Qarabağ Azərbaycandır!

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da özünün rəsmi “Twitter” hesabında bildirib.

Oktyabrın 19-da Müdafiə Nazirliyi Cəbrayıl və Füzuli istiqamətində düşməndən ələ keçirilən hərbi qənimətlərin növbəti videogörüntüsünü də yayımlayıb.

Xatırladaq ki, bir gün öncə, oktyabrın 18-də Azərbaycan hərbçiləri Cəbrayıl rayonunun tarixi simvollarından olan Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldıraraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə bu məkanın işğaldan azad edilməsi ilə bağlı raport veriblər.