Naxçıvanda müalicəvi suların turizm baxımından qiymətləndirilməsi vacibdir
   
   Naxçıvan Muxtar Respublikasında mürəkkəb landşaft kompleksi müxtəlif növ rekreasiya ehtiyatları ilə zəngindir. Bu baxımdan Naxçıvanda ekoloji cəhətdən təmiz hava, dərman bitkiləri, çoxsaylı tarixi və təbii abidələrin, zəngin müalicəvi suların olması beynəlxalq turizmi inkişaf etdirməyə geniş şərait yaradan başlıca amillərdəndir. Professor Ə.Əsgərov haqlı olaraq Naxçıvan Muxtar Respublikasını «Mineral suların təbii muzeyi» adlandırmışdır.
   
   
   Turizm ölkələrinin təcrübəsi göstərir ki, iqtisadiyyata güclü təsir göstərən bir sahə kimi, turizm dövlət büdcəsinin formalaşmasında, ticarət balansının sabitləşməsində mühüm rol oynayır. Turizmin inkişafı həmçinin ölkədə işsizlik kimi ağır bir problemin öhdəsindən gəlir, ölkədə bütün sahələrin inkişafına öz müsbət təsirini göstərir.
   Naxçıvan Muxtar Respublikası təbii və mineral suyu olan bulaqlarına görə dünyada diqqəti cəlb edən bölgələrdəndir.
   Muxtar respublikanın 5,5 min kvadratkilometrlik sahəsində 250-dən artıq mineral su mənbəyi var. Bu bulaqların əksəriyyəti Şahbuzda, Ordubadda, Şərurda və Naxçıvan çayının vadilərindədir. Bulaqlar kimyəvi tərkibinə görə müxtəlif tipli olub, təsərrüfatda, məişətdə, sənayedə və müalicə məqsədilə istifadə olunur.
   1843-cü ildən muxtar respublikada olan təbii suların kimyəvi tərkibinin öyrənilməsinə başlansa da, bu sahədə planlı kəşfiyyat işləri XX yüzillikdə aparılıb. Aydın olub ki, Naxçıvanda mineral suların 6 tipi,16 sinfi və 33 müxtəlif növü mövcuddur. Bu suların 98 faizi karbon qazı olub, hidrokarbonat tipli sulara aid edilir. Mineral suların əksəriyyətinin temperaturu 8-220 C0-dir. Darıdağda buruq quyularının hərarəti 500 və daha yuxarı olan sular aşkar edilib. Azərbaycanda olan karbon qazlı suların 35%-i Naxçıvan Muxtar Respublikası ərazisindədir.
   Şahbuz şəhəri ərazisindəki çay vadiləri boyu 40 kv.km sahədə 50-yədək mineral su mənbəyi, Babək rayonunun 1200 kv.km ərazisi daxilində 50-yə yaxın mineral-müalicə su mənbəyi, Culfada 900 kv.km sahədə 85 mineral su bulağı aşkarlanıb. Şərurda mineral su bulaqları çox zəngin deyil. 1316 kv.km. ərazidə 7 mineral su mənbəyi öyrənilib. Müalicəvi əhəmiyyətinə görə Sirab, Badamlı, Vayxır, Nəhəcir, Narzan, Böyrəksuyu daha çox əhəmiyyətli təbii süfrə sularından hesab olunur ki, bunlar da turizmin inkişafına geniş imkanlar açır.
   Bahasu mineral su bulağı Sədərək rayonunda, Araz çayının sahilindədir. Bahasu bulağının NMR-də yeganə hidrokarbonatlı-maqneziumlu mineral su olduğu ehtimal edilir.
   Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvanda mineral su zavodları fəaliyyət göstərir. Respublikamızın bütün bölgələrinə, o baxımdan Bakı şəhərinə bu mineral sulardan çoxlu sayda göndərilir.
   Badamlı mineral su yatağı Şahbuz şəhəri ərazisində Badamlı kəndindən 3 km şimal qərbdə, dəniz səviyyəsindən 1274 m hündürlükdədir. Bu yataq bir neçə bulaqdan ibarət qrup şəklindədir. Yatağın istismar ehtiyatı 1070 m3/gün hesablanıb. Buradakı 5 saylı quyunun suyu Rusiya Federasiyasının «Arşan» bulağının suyuna yaxın olub, Narzan tiplidir. Badamlı suyunu mədə-bağırsaq və qaraciyərin bəzi xəstəlikləri zamanı içmək faydalıdır.
   Sirab mineral su yatağı Babək rayonu ərazisində, Sirab kəndindən 3 km şimalda, dəniz səviyyəsindən 1100 m hündürlüyündədir. Sirab suyu qədim zamanlardan məşhur olmaqla, mühüm müalicə vasitəsi kimi tanınıb. Yataqda kimyəvi tərkibinə görə fərqlənən üç tip su aşkar edilib. Yatağın 3 saylı quyusunun suyu Saxalindəki «Sineqorski» tipli suya uyğundur. Yatağın ehtiyatı 1053 m3/gün təsdiq edilib. Sudan mədə-bağırsaq, öd yolları və qaraciyər xəstəliklərinin müalicəsində istifadə olunur.
   Darıdağ mineral su yatağı Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, dəniz səviyyəsindən 800-900 m hündürlükdədir. 5 bulaq və 32 kəşfiyyat quyusundan ibarətdir. Suların kimyəvi tərkibi öyrənilib. Suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur; Kudova (Polşa), Lya-Burbül (Fransa), Dürkqeyt (Almaniya), Sinedorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyi ilə Darıdağ suyu onlardan üstündür. Temperaturu 53-570 C0, ehtiyatı 4507 m3/gün təsdiq edilib.
   Darıdağ suyundan müxtəlif xəstəliklər zamanı istifadə olunur. Təkcə bir faktı demək kifayətdir ki, 1930-cu illərdən malyariyalı xəstələr bu sudan şəfa tapırdılar.
   Culfa Darıdağ müalicəxanasının ərazisində yeni korpus istifadəyə verilib, korpusda tibbi yardım və digər xidmət növləri fəaliyyət göstərir.
   Bir sözlə, Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı üçün potensial imkanlar vardır və bundan bacarıqla istifadə etmək lazımdır.
   
   Hafiz Hüseynov,
   Naxçıvan Dövlət Universitetinin dosenti