Azərbaycan
30 oktyabr 1880 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.
30 oktyabr 1907 – Jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Adil Ələddin oğlu Əfəndiyev (1907-1973) Bakıda doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.
30 oktyabr 1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.
30 oktyabr 2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnıların (“Kimlərə qaldı dünya?”, “Yadıma düşdü”) müəllifi olub.
31 oktyabr 1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910-1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tiflis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.
31 oktyabr 1920 – Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı dekret ilə respublika ərazisindəki bütün kitabxanalar Xalq Maarif Komissarlığının sərəncamına verilib. Bakı şəhərində olan 11 kitabxana dövlətin sərəncamına keçib.
1 noyabr 1906 – Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixində önəmli rol oynamış “Füyuzat” (ərəbcədən “gerçəyi dərk edib zövq almaq”) jurnalı nəşrə başlayıb. Hacı Zeynalabdin Tağıyevin yardımı ilə nəşr olunan jurnalın redaktoru Əli bəy Hüseynzadə idi.
1 noyabr 1923 – Qəzəlxan şair Əliağa Bakir (Əliağa Hacağa oğlu Rzayev; 1923-1998) Bakıda anadan olub.
1939 – Azərbaycan SSR Xalq Komissarları Soveti Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıqla bağlı dahi şairin həyat və yaradıcılığından bəhs edən muzeyin (indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) yaradılması barədə qərar qəbul edib.
1 noyabr 1945 – Kinorejissor, ssenarist Nicat Feyzullayev (1945-2015) Bakıda tanınmış rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində anadan olub. “Küçələrə su səpmişəm” bədii və çoxsaylı sənədli filmlər çəkib.
1 noyabr 1965 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 12.4.1889 – 1965) vəfat edib. 1930-60-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.
2 noyabr 1923 – Azərbaycanı Tədqiq və Tətəbbö (Araşdırma) Cəmiyyəti – respublikanın baş elmi müəssisəsi təsis olunub. Sonralar təşkilat müxtəlif adlarla fəaliyyət göstərib və onun əsasında Azərbaycan Elmlər Akademiyası (1945) yaradılıb.
2 noyabr 1934 – Şair, Əməkdar müəllim Oqtay Rza (Oqtay Məhərrəm oğlu Rzalı; 1934 – 18.8.2019) Salyan rayonunun Qalalı kəndində doğulub. N.Tusi adına ADPİ-də işləyib. Dünya ədəbiyyatından tərcümələr edib.
2 noyabr 1937 – Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 1937 – 18.11.2000) anadan olub. “Hicran”, “Bankir adaxlı” və s. musiqili komediyaların, populyar mahnıların müəllifidir. Tamaşalara, filmlərə (“Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “İstintaq” və s.) musiqi bəstələyib.
2 noyabr 1947 – Əməkdar artist Telman Rüstəm oğlu Əliyev (1947 – 4.7.2017) Şuşa şəhərində anadan olub. Gəncə, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.
2 noyabr 1964 – Əməkdar artist Murad Məmmədrza oğlu Muradov (1884-1964) vəfat edib. Ağdam rayonunun Muradbəyli kəndində doğulub, Akademik Dram Teatrının aktyoru olub.
2 noyabr 1988 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökumə Abbasəli qızı Qurbanova (11.6.1913 – 1988) vəfat edib. 1938-ci ildən Akademik Dram Teatrında çalışıb, xarakterik obrazların parlaq ifaçısı olub. “Almaz”, “Onu bağışlamaq olarmı?”, “İnsan məskən salır” filmlərində çəkilib.
3 noyabr 1943 – Tiflis Azərbaycan teatrının ilk peşəkar aktyorlarından olmuş Mirzəli (Əlibala) Hacı Abbas oğlu Abbasov (1870-1943) vəfat edib. Tamaşalara quruluş verib, pyeslər yazıb. Gürcüstanın Əməkdar artisti olub.
3 noyabr 1983 – Görkəmli aktyor, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayev (22.3.1913 – 1983) vəfat edib. Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında çalışıb. Filmlərdə yaddaqalan obrazlar yaradıb.
Dünya
30 oktyabr 1751 – İngilis-irland yazıçısı Riçard Brinsli Şeridan (Richard Brinsley Sheridan; 1751-1816) anadan olub.
30 oktyabr 1839 - İngilis əsilli Fransa rəssamı, impressionizmin tanınmış nümayəndəsi Alfred Sisley (1839-1899) anadan olub.
30 oktyabr 1871 – Fransız şairi, yazıçı, filosof Pol Valeri (Paul Valery - Ambroise Paul Toussaint Jules Valery; 1871-1945) anadan olub.
31 oktyabr 1922 – SSRİ-nin Xalq artisti Anatoli Papanov (1922 - 5.8.1987) anadan olub. Filmləri: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” və s.
31 oktyabr 1993 – Dünya şöhrətli italyan kinorejissoru Federiko Fellini (Federico Fellini; 20.1.1920 – 1993) vəfat edib. Beş dəfə “Oskar” mükafatına (o cümlədən fəxri “Oskar”) layiq görülüb. Filmləri: “Yol”, “Kabiriya gecələri”, “Şirin həyat”, “Səkkiz yarım” və s.
1 noyabr 1636 – Fransız şairi, ədəbiyyatşünas, klassisizmin nəzəriyyəçisi Nikola Bualo (Nicolas Boileau-Despreaux; 1636 – 13.3.1711) anadan olub.
1 noyabr 1781 – Alman rəssamı Yozef Karl Ştiler (Joseph Karl Stieler; 1781-1854) anadan olub.
2 noyabr 1699 - Fransız rəssamı Jan Batist Simeon Şarden (Jean Baptiste Simeon Chardin; 1699-1779) anadan olub.
2 noyabr 1906 – İtalyan kino və teatr rejissoru Lukino Viskonti (Luchino Visconti di Modrone; 1906 - 17.3.1976) anadan olub. Filmləri: “Rokko və onun qardaşları”, “İnteryerdə ailə portreti” və s.
3 noyabr 1797 – Rus yazıçısı Aleksandr Bestujev-Marlinski (1797-1837) anadan olub. Qafqaza sürgün olunub. Azərbaycan xalq qəhrəmanın həyatından bəhs edən “Molla Nur” povestini yazıb.
3 noyabr 1801 – İtalyan bəstəkarı Vinçenso Bellini (Vincenzo Salvatore Carmelo Francesco Bellini; 1801-1835) anadan olub. Operaları: “Norma”, “Somnambula” və s.
3 noyabr 1869 – Rus şərqşünası, akademik Vasili Bartold (1869-1930) anadan olub. “Kitabi-Dədə Qorqud”un bəzi boylarını rus dilinə tərcümə edib.
Hazırladı: Vüqar ORXAN