Azərbaycanda turizm bir biznes sahəsi olaraq ilk addımlarını atsa da, bu istiqamətdə müəyyən potensial imkanların yarandığını söyləmək mümkündür.
   Artıq Azərbaycan Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul edilib, Turizmin inkişafı üzrə ilk Dövlət Proqramı (2002-2005-ci illər) uğurla tətbiq olunub. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda isə birbaşa 30-a qədər bənd turizm obyektlərinin tikilməsinə həsr olunub. Azərbaycanın səfalı guşələrindən olan cənub bölgəsi də turizmin inkişafı üçün yaxşı perspektivlər vəd edir. Bu sırada Lənkəran rayonu turizmin inkişafı ilə fərqlənir. Təmiz iqlim şəraiti, zəngin təbii sərvətlər və nadir tarixi -mədəniyyət abidələrinə malik Lənkəran şimal və şərqdən Xəzər dənizi, qərbdən Talış sıra dağları ilə əhatələnib.
   
   Dağ və dəniz əhatəsində istirahət
   
   Dağ və dənizlə əhatə olunduğu üçün Lənkəranda turizmin bir sıra növlərindən istifadə etmək mümkündür. Burada turizmlə bağlı kompleks işlər görülür. Bir neçə il ərzində şəhərdə bir sıra bağlar və parklar salınıb, yeni istirahət mərkəzləri açılıb.
   Lənkəranda bu gün "Qala", "Qızıl Tac", "Dalğa" hotelləri, "Palıdlı sahil", "Bəşəru", "Xanbulan" turizm-istirahət mərkəzləri, Haftonu qəsəbəsində təbii isti su pansionatı, "Hirkan" milli parkı,”Qafqaz-Sahil” mərkəzi və s. fəaliyyət göstərir. Bu obyektlərdə turistlərə xidmət məqsədi ilə müxtəlif gəzintilər də proqramlaşdırılıb.
   "Xanbulan" mərkəzinin "Lənkəran bu gün" (6 saatlıq, 100 km-lik), "Talış dağları qoynunda" (9 saatlıq, 120 km-lik avtomobillə), "Hirkan" milli parkına 6 saatlıq piyada ekskursiya marşrutları daimidir. Belə marşrutlar "Qala" hoteli və "Palıdlı sahil" istirahət mərkəzi tərəfindən də təşkil olunur.
   Nazirlər Kabinetinin turizm obyektlərinin lisenziyalaşdırılması ilə bağlı sərəncamı turizm xidmətini müasir tələblərə cavab verə biləcək səviyyəyə qaldırmaq məqsədi daşıyır. Bununla bağlı, Lənkəran Mədəniyyət və Turizm Şöbəsi tərəfindən bütün turizm obyektlərinə xəbərdarlıq məktubları göndərilib. Son məlumata görə isə lisenziyalaşdırmaya laqeydlik göstərən bir neçə obyekt ciddi nəzarətə götürülüb.
   Lənkəranın həm dəniz sahillərində, həm də dağətəyi yerlərində xüsusi istirahət mərkəzləri tikilib. Təkcə 2006-cı il ərzində iki belə obyekt turistlərin ixtiyarına verilib.Dəniz kənarında artıq iri xidmət kompleksləri tikilməkdədir. Buraya həm hotellər, həm də xırda kottec kompleksləri daxildir. Qeyd edim ki, bütün obyektlər beynəlxalq standartlara uyğun tikilir.
   2007-ci ilin statistikasına görə, Lənkərana turist axını dinamik şəkildə artır. Əgər 2005-ci ildə turistlərin sayı 3000-ə yaxın olubsa, 2006-cı ildə bu rəqəm 4000-ə çatıb. 2007-ci ildə turistlərin sayı 5000-I, 2008-ci ildə 6000-i keçib. Bu göstərici həm daxili, həm də xarici turistlərin sayına aiddir. İqlim şəraitinin əlverişli olması, müalicəvi əhəmiyyətli obyektlər turistlərin cəlb edilməsində mühüm rol oynayır. Məsələn, Lənkəranın dəniz kənarında olan qara qum Xəzər dənizinin digər yerlərində olan sarı qumdan çox-çox keyfiyyətlidir.
   Müalicəvi sularla bağlı işlər də təşkil olunur. Keçmiş SSRİ dönəmində məşhur olan "İstisu" sanatoriyasının da əvvəlki şöhrətini qaytarmaq üçün müəyyən işlər görülür.
   
   Turist xəritəsi
   
   Lənkərana gələn turistlərin "xəritəsi" müxtəlifdir. Avropadan, Asiyadan, MDB ölkələrindən... 2007-ci ilin statistikası göstərir ki, əvvəllər Avropa ölkələrindən gələn turistlərin sayı indi nəzərəçarpacaq dərəcədə artıb.
   Turistlər adətən ayaqdəyilməmiş təbiət sahələrində dincəlmək istəyirlər. Lənkəran meşələrində isə belə yerlər çoxdur.
   Turistlər tarixi abidələrə də xüsusi diqqət yetirirlər. Lənkəranda bir sıra belə abidələr var, bəziləri isə yenidən bərpa edilərək turistlərin ixtiyarına verilib. Lənkəranın turizm marşrutlarına daxil olan abidələrdən "Şeyx Zahid" türbəsində, tarix-diyarşünaslıq muzeyində, xalq sənətkarlığı şəhərciyində, "Xəlifə" türbəsində təmir-bərpa işləri yüksək zövqlə görülüb. "Dairəvi qala» («Zindan») memarlıq abidəsində layihə üzrə geniş bərpa işləri davam etdirilir. Xaricdən gələn mütəxəssislər Sütəmurdov sahil zolağında turizm obyekti tikmək istəyini açıqlayıblar.
   
   Hotel otağı
   
   Dünyada turizm üçün vacib olan amillərdən biri standartlara uyğun hotellər və burada turistlərə göstərilən xidmətin səviyyəsi ilə bağlıdır. Bununla bağlı xaricdən mütəxəssislər dəvət olunub və onlar bölgədə işləyəcək hotel xidmətçiləri, menecerlər və ofisiantlar üçün xüsusi kurslar keçirlər.
   Yeni hotellər şəbəkəsinin sahilboyu və dağətəyi yerlərdə tikilməsi planlaşdırılır. Sahilboyu xidmət göstərən “Qafqaz-sahil” isə artıq qonaqlarını qəbul edir.
   Lənkəranda həmçinin dənizboyu çimərlik komplekslərinin tikilməsi üçün işlər aparılır. Artıq bir kottec - "Palıdlı sahil" istirahət mərkəzi istifadəyə verilib. Turistlərin Lənkərana marağını artırmaq üçün reklam işləri də təşkil olunub. İnternetdə Lənkəran barədə məlumatlar yerləşdirib. Bundan başqa, turist cəlbi üçün bukletlər də hazırlanıb.

   Lənkəranın ilk suvenirləri
   
   Turizmin cəlbediciliyini artırmaq üçün digər ölkələrdə milli karnavallar və suvenir yarmarkalarının təşkili də vacib sayılır. Bütün bu işləri həyata keçirmək üçün Lənkəranda 2006-cı ildə Regional Turizm-İnformasiya Mərkəzi açılıb. Mərkəzin nəzdində xalq sənətkarlıq şəhərciyi salınıb. Lənkəranın "qapı"sı sayılan bu şəhərciyə gələn turistlər xalq tətbiqi sənət nümunələrinə baxmaq imkanı qazanacaqlar. Şəhərcikdə həsirtoxuma, dulusçuluq və s. sənət nümunələrinin həm nümayişi, həm də satışı nəzərdə tutulub. Yerli Mədəniyyət və Turizm Şöbəsi suvenirlərin hazırlanması ilə bağlı işlər də görür.
    Lənkəranda olan el sənətkarları ilə əlaqə saxlanılıb və ilk suvenirlər hazırlanıb. Turistlər dincəldikləri yerdən yadigar aparmaq üçün adətən suvenirlər alırlar. Turistlərin marşrutu üstdə olan kəndlərdə suvenir -satış mağazalarının açılması da planlaşdırılır.
   Lənkəranın özünəməxsus nadir mətbəxi də turistlərin diqqətini cəlb edib. Bura gələn xaricilər toyuq və balıq ləvəngisinin dadına baxmamış getmirlər. Söhbətləşdiyim istirahət mərkəzinin əməkdaşlarının biri maraqlı bir hadisə danışdı: Lənkəranda səfərdə olan kanadalı turistlərdən biri balıq ləvəngisinin hazırlanma texnologiyasını bitdə-bitdə öyrənmək üçün düz iki saat videoçəkiliş aparıb. Lənkəranın bütün istirahət mərkəzlərində milli kulinariyanı xarici qonaqlara layiqli təqdim etmək üçün səviyyəli aşpazlar cəlb olunub.
   Turizm şöbəsində ümid edirlər ki, Lənkəranda beynəlxalq hava limanının və dəniz limanının istifadəyə verilməsi turistlərin sayının artmasında mühüm rol oynayacaq.
   Turizmin inkişafında infrastrukturun inkişafı böyük rol oynayır. Bu baxımdan yeni yolların çəkilməsi vacib amildir. Hazırda Lənkəranda bütün yollar yeniləşdirilib. Dağ kəndlərinə gedən yollar yenidən çəkilib.
   
   Talış dağlarında xizək yarışları
   
   Talış dağları həm də qış turizmi üçün cəlbedici sayılır. Bu məqsədlə qış turizminin təşkili üçün artıq layihə sənədləri hazırlanıb. Layihəyə əsasən, dağ yerlərində estakadalar qurulacaq. Bundan başqa, xizək turizminin inkişafı ilə bağlı işlər aparılır.
   Layihə işləri artıq başlanıb. Dağ yerlərində bu turizmin perspektivləri ilə bağlı araşdırmalar aparılır. İşıq, su, qaz məsələsi turizmin inkişafında vacib məsələ olduğundan buna diqqət son vaxtlar xeyli artırılıb. Son zamanlar bir sıra nüfuzlu xarici turizm şirkətlərinin Lənkərana marağı artıb. Burada olan amerikalı turistlər bildiriblər ki, indiyə qədər onların belə təbiətdən xəbərləri olmayıb.
   Lənkəranın turizm obyektlərində qonşu İran vətəndaşları məmnuniyyətlə dincəlirlər. Hər il İrandan Lənkərana çox böyük miqdarda turist axını var. Onların hətta həftə sonu dincəlmək imkanları da var: iranlı qonaqlar şənbə-bazar günləri istirahət edib, evlərinə qayıdırlar.
   Turistlərin ildən-ilə artan statistikası onu deməyə imkan verir ki, Lənkəran turizm üçün perspektivli yerdir. Sadəcə, bu istiqamətdə ardıcıl iş aparılmalı və bölgəni turizm üçün cazibədar məkana çevirmək üçün kompleks yanaşma həyata keçirilməlidir.
   Bütün dünyada turizmin böyük qazanc gətirən sahə olmaqla yanaşı, özündə ictimai-siyasi aspektləri daşıyan bir xidmət növü olduğu da bəllidir. Doğrudan da, müxtəlif ölkələrdən gələn turistlər dincəlməklə yanaşı, həm də öz ölkələrinin ictimaiyyətini dincəldikləri ölkələr barədə yaxşı məlumatlandırmaq imkanı qazanırlar. Bu baxımdan çağdaş dünyada turizm həm gəlirli biznes, həm də siyasi piar-kampaniya kimi xüsusi önəm daşıyır. Azərbaycanın isə belə piar-kampaniyalara xüsusi ehtiyacı var.
   
   Sabutay