Azərbaycan
4 noyabr 1939 – Əməkdar mədəniyyət işçisi Limunət Nurullah qızı Abdullayeva (1939-2016) Qax rayonunun Qaxmuğal kəndində doğulub. Qax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru işləyib.
4 noyabr 1944 – Əməkdar mədəniyyət işçisi, rejissor, animasiya filmləri rəssamı Rauf Məmmədağa oğlu Dadaşov (1944 – 9.2.2020) anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında, “Azanfilm” studiyasında işləyib.
4 noyabr 1954 – Aktyor Fərman Abdulcabbar oğlu Abdullayev (1954 – 5.3.2013) Şəkidə anadan olub. Şəki teatrında çalışıb, filmlərdə (“Həm ziyarət, həm ticarət...”, “Sarı gəlin”, “Yalan”) çəkilib.
5 noyabr 1925 – Türkoloq, filologiya elmləri doktoru Elməddin Məhəmməd oğlu Əlibəyzadə (1925 – 26.3.2015) Oğuz rayonunun Muxas kəndində anadan olub. “Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi” və s. əsərlərin müəllifidir.
5 noyabr 1938 – Ərəbşünas, filologiya elmləri doktoru, professor Malik Rüstəm oğlu Mahmudov (1938 – 3.6.1991) Ordubad şəhərində anadan olub.
5 noyabr 1948 – Satirik şair, qəzəlxan Baba Pünhan (Atababa Seyidəli oğlu Mədətzadə; 1948 – 17.4.2004) Bakının Kürdəxanı kəndində doğulub. Kitabları: “Acı həqiqət”, “Mən nə dedim ki...” və s.
5 noyabr 2001 – Görkəmli aktyor, Xalq artisti Eldəniz Məmməd oğlu Zeynalov (1.1.1937 – 2001) vəfat edib. “Əhməd haradadır?”, “Bir cənub şəhərində”, “Ömrün səhifələri”, “Yol əhvalatı” və s. filmlərdə, teatr və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
6 noyabr 1926 – Azərbaycan Radiosunun yarandığı gündür. Həmin gün Bakıda radiostansiya fəaliyyətə başlayıb və efirdə “Danışır Bakı” sözləri səslənib. İlk dövrdə radio verilişlərinin gündəlik efir vaxtı 2 saat təşkil edirdi. 1927-ci ildə Azərbaycanda 15-dək radio qurğusu və səyyar radiostansiya fəaliyyət göstərirdi.
6 noyabr 1931 – Şair, nasir Tofiq Mahmud (Tofiq Mahmud oğlu Mehdiyev; 1931-1997) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Uşaq və gənclər üçün əsərlərin müəllifidir.
6 noyabr 1974 – Şair-dramaturq, tərcüməçi İslam Əhməd oğlu Səfərli (12.2.1923 – 1974) vəfat edib. Sözlərinə populyar mahnılar bəstələnib. “Göz həkimi”, “Ana ürəyi”, “Yolayrıcı” və s. pyeslərin müəllifidir.
6 noyabr 2009 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 28.4.1914 – 2009) vəfat edib. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.
Dünya
4 noyabr 1575 – İtalyan rəssamı Qvido Reni (Guido Reni; 1575-1642) anadan olub.
4 noyabr 1923 – Alman yazıçısı Barbara Bartos-Höpner (Barbara Bartos-Höppner; 1923-2006) anadan olub. Uşaq və yeniyetmələr üçün kitabların, ssenarilərin müəllifidir.
4 noyabr 1928 – Türkiyə Cümhuriyyətində ərəb əlifbasından latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul olunub.
5 noyabr 1878 – Rus (polyak əsilli) yazıçı-dramaturqu Mixail Arsıbaşev (1878-1927) anadan olub. Əsərləri: “Sanin”, “Ən son həddə”, “Qısqanclıq”, “Vəhşi qanunu” və s.
5 noyabr 1913 – İngilis aktrisası, “Oskar” mükafatçısı Vivyen Li (Vivien Leigh - Vivian Mary Hartley; 1913-1967) anadan olub.
5 noyabr 1938 – Fransız (yəhudi əsilli) müğənni və bəstəkar Co Dassen (Joe Dassin – Joseph İra Dassin; 1938-1980) anadan olub.
6 noyabr 1814 – Belçikalı musiqi aləti ustası, saksofonun yaradıcısı Adolf Saks (Antoine-Joseph (Adolphe) Sax; 1814-1894) anadan olub.
6 noyabr 1936 – Moldova kinorejissoru, ssenarist, şair Emil Lotyanu (1936-2003) anadan olub. Filmləri: “Tabor səmaya gedir”, “Mənim nəvazişli və zərif heyvanım”.
Hazırladı: Vüqar ORXAN