Əgər bu ərazilərdən səmərəli istifadə edilsə…
Dünyanın okean və dəniz sahillərində yerləşən ölkələrində turizmin inkişafında çimərlik təsərrüfatının mühüm rol oynadığını Türkiyənin, Kiprin, Bolqarıstanın, İspaniyanın, Misirin, İsrailin və s. ölkələrin timsalında görə bilərik.
Azərbaycanın Rusiya sərhəddindən İran sərhəddinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi respublikada çimərliklərin genişləndirilməsi və turizm təsərrüfatının inkişafı üçün çox böyük potensial imkanlar yaradır. Xəzər dənizi sahillərinin hələlik heç olmasa 70-80 faizini 100-130 metr məsafədə çimərlik üçün yararlı ərazilər hesab etsək, bunun 80 mln. kvadratmetrə bərabər olmasını nəzərə alsaq və çimərlikdə istirahət edənlər üçün normativləri hər nəfər üçün 10 kv.m hesab etsək, deməli, bir çimərlik mövsümündə Azərbaycanın Xəzər sahillərində təxminən 8 mln. nəfərin istirahəti üçün imkan var.
Bəs bu imkanlardan necə istifadə edilir? 2005-2008-ci illərdə Xəzər çimərliklərindən təxminən 1,5 mln. nəfərdən artıq insan yararlanıb ki, bu da mövcud potensialdan cəmi 15-20 faiz istifadə edilməsi deməkdir.
1978-95-ci illərdə Xəzər sahillərində 131 min hektar sahə su altında qalıb
Xəzər dünyanın ən möcüzəli dənizlərindəndir. Orta hesabla bu dənizdə bir əsrdə 4 dəfə kəskin xarakterli səviyyə fərqləri baş verir. Son 100 ildə Xəzərin səviyyəsi 1900-1930-cu illərdə qalxıb, sonrakı 46 il ərzində kəskin enib, 1978-95-ci illərdə yenidən dənizin səviyyəsi kəskin qalxıb, hazırda stabilləşərək, aşağı düşür. Çoxillik qalxma-enmə nəticəsində Xəzərin 370 min kv. km sahəsi 30-50 kv. km artır və ya azalır. Bu amil digər təsərrüfat sahələri ilə yanaşı, Xəzərin çimərliklərindən və sahilboyu ərazilərindən istifadə edilməsində nəzərə alınmadığından, hər dəfə kəskin qalxmada çimərliklərə məxsus qurğu və avadanlıqlar su altında qalır, yararlı qumlu ərazilər dalğalarla yuyulur, nəticədə çimərliklər istifadə üçün tam yararsız hala düşür. Yalnız son dəfə - 1978-95-ci illərdə səviyyə qalxımı nəticəsində Xəzərin Azərbaycan sahillərində 50 yaşayış məntəqəsi, 250 sənaye müəssisəsi, 60 km avtomobil yolu, 40 min hektar qış otlaq sahəsi, ümumiyyətlə, 131 min hektar sahə su altında qalıb. Bu ərazilərin bir qismini qamış basıb, bataqlıqlaşma baş verib və hazırda buralar istifadə üçün yararsız ərazilərə çevrilib. Bu göstəricilər Bakı şəhəri, onun inzibati rayonları və respublikanın digər 9 rayonunun ərazilərində müşahidə edilir. Ən çox subasma Lənkəran, Neftçala, Masallı rayonlarında, Bakı şəhərində müşahidə edilib. Əksinə, Xəzərin səviyyəsi kəskin surətdə aşağı düşdükdə yararlı qumlu çimərlik sahələri dənizdən bir neçə yüz metr aralıda qalır və kəskin çirklənmə müşahidə edilir. Hər belə səviyyə tərəddüdündən sonra çimərliklərə məxsus qurğu və tikililər sökülərək yenidən dənizə yaxın ərazilərdə inşa edilir. Belə hallara Nabran, Abşeron və s. çimərliklərdə rast gəlinir. Buna görə də Xəzər dənizinin çimərliklərində aparılan hər cür tikinti-quraşdırma işləri yalnız Xəzərin səviyyə təbəddülatı nəzərə alınaraq həyata keçirilməlidir.
Bütün bunlara rəğmən ulu öndər H.Əliyevin 13 yanvar 2003-cü ildə imzaladığı «Azərbaycan Respublikasının Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair» sərəncamına əsasən Xəzər dənizi sahillərində hər cür tikinti, quraşdırma, mənimsəmə işləri yalnız dənizdən 130 metr aralıda aparılmalıdır. Çox təəssüf ki, göstərilən sərəncama Abşeronda, şimal-qərb bölgəsində, Lənkəran rayonu ərazisində tam əməl olunmur. Bəzi yerlərdə Xəzər dənizinin çimərlik ərazilərini daş, çınqıl, qum və s. tullantılarla dolduraraq süni surətdə dənizlə çimərlik arasındakı məsafə 130 metrə çatdırılıb. Belə hallara Abşeronda yerləşən çimərliklərdə daha çox rast gəlinir.
Xəzər sahili boyu çimərlik ərazilər dövlətə məxsus olmalıdır
2008-ci ilin dekabrında Milli Məclisdə «Torpaq haqqında» qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər nəticəsində sahilboyu zolağın 130 metrdən 25-50 metrədək azaldılmasına qərar verilib. Fikrimizcə, ulu öndər H.Əliyev tərəfindən imzalanan və Azərbaycanın dəniz sahili boyu ərazilərinin mənimsənilməməsi üçün verilən sərəncamın dəyişdirilməsi düzgün deyil. Çünki göstərilən sərəncam uzunmüddətli proqnozlara əsasən Xəzərin səviyyə tərəddüdləri nəzərə alınmaqla müəyyən edilib. Əfsuslar olsun ki, göstərilən sərəncama tam əməl olunmaması ilə yaxın 10-15 il ərzində sahil zolağının 25-50 metrədək azaldılması Xəzərin səviyyəsinin kəskin qalxacağı təqdirdə, çimərlik sahələrinin yenidən dəniz suları altında qalmasına səbəb olacaq. Dünyanın dəniz sahillərində yerləşən ölkələrinin demək olar ki, heç birində çimərliklər Azərbaycanın Xəzərsahili çimərlikləri kimi özəlləşdirilməyib, hündürlüyü bir neçə metr olan daş hasarlara alınmayıb. Bu, çimərliklərdən əhalinin istifadə işində çox böyük çətinliklər yaradır.
Fikrimizcə, Xəzərin sahilboyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərlikləri dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir səviyyədə yenidən qurulmalıdır. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməli və bu işlər dövlət səviyyəsində Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə həyata keçirilməlidir.
Müasir çimərliklər hər cür iaşə müəssisələrinə, ekoloji cəhətdən ideal təmizliyə, xilasedici, həkim məntəqələri, çimərlik əşya və avadanlıqlarını icarəyə verən mərkəzlərə və s. malik olmalıdır.
Yaxın 50-100 ildə möcüzələr gözlənilir
Xəzərşünas alimlər Xəzər dənizinin səviyyə tərəddüdlərini dənizə daxil olan suyun gəlir və çıxarı, atmosfer çöküntüləri və buxarlanmanın miqdarının müxtəlif olması, tektonik hadisələr, dənizin dibinin çökməsi, günəş fəaliyyəti, antropogen amillər və s. ilə izah edirlər. Xəzər dənizində qalxma və enmə problemi uzun əsrlik bir dövr ərzində müxtəlif ölkələrin, o cümlədən Azərbaycan alimləri tərəfindən araşdırılsa da, hələlik Xəzər dənizində səviyyə tərəddüdlərinin sirlərinə tam dəqiq cavab verilməyib.
Bu problemin ümumi səbəbləri aydın olsa da, yaxın 50-100 ildə Xəzərin səviyyə tərəddüdləri möcüzələrinin tam qarşısını almaq mümkün olmayacaq. Ona görə də hər səviyyə tərəddüdlərinin Xəzəryanı ölkələrin iqtisadiyyatına (həmçinin Azərbaycana) 10 milyardlarla ABŞ dolları miqdarında zərər vurmasını nəzərə alaraq, Azərbaycanda sahilboyu ərazilərin mənimsənilməsini 25-50 metrlik məsafədə yox, heç olmasa, 130-150 metrlik məsafədə aparmaqla, ehtimalı zərərlərin qarşısını qismən almaq olar.
Səkinə Zülfüqarova,
coğrafiya elmləri namizədi