Azərbaycan Dövlət Tərcümə Mərkəzi məşhur Peru yazıçısı, magik realizm cərəyanının aparıcı simalarından biri, Nobel mükafatı laureatı Mario Varqas Lyosanın “Seçilmiş əsərləri” kitabını nəşr edib.

Kitaba müəllifin “Palomino Moleronu kim öldürüb?” romanı, “Küçüklər”, “Döyüş”, “Kiçik qardaş”, “Müştəri”, “Başçılar”, “Bazar günü” hekayələri, həmçinin Nobel nitqi və müsahibəsi daxil edilib.

Əsərləri Azərbaycan dilinə Saday Budaqlı və Mahir N.Qarayev tərcümə ediblər, kitabın redaktorları Nəriman Əbdülrəhmanlı və Aynurə Haqverdiyevadır.

Mario Varqas Lyosa 1936-cı ildə Perunun Arekipa şəhərində anadan olub. Bir müddət Madriddə və Parisdə yaşayıb. “Şəhər və köpəklər” (1963), “Yaşıl ev” (1968), “Kilsədə söhbət” (1969), “Kapitan Pantaleon və xeyirxah xidmətlər bölüyü” (1973), “Palomino Moleronu kim öldürüb?” (1986), “Odissey və Penelopa” (2007), “Ketlin yuxusu” (2010), “Sadə qəhrəman” (2014) kimi roman və pyeslərin müəllifidir. 2010-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.