Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədova “Zoom” proqramı ilə “Musiqi və rəssamlıqda satiranın “rəngləri” adlı onlayn seminar keçirib.

Seminarın aparıcısı müasir Azərbaycan satirik qrafikasının banisi Əzim Əzimzadənin 140 illik yubileyi münasibətilə karikatura janrına ekskurs edib, Azərbaycanda XVI-XVII əsrlərdə yaşayıb-yaratmış sənətkarların yaradıcılığında satirik tərzdə yaranmış miniatürlər barədə danışıb. Vurğulanıb ki, bu miniatürlər sonralar Azərbaycanda karikatura janrının başlanğıcı kimi hesab edilir. Azərbaycanda karikaturanın müstəqil janr kimi əsası XX əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalının yaranması ilə qoyulub. Jurnalın rəssamı Ə.Əzimzadə teatr-dekorasiya sənəti sahəsində böyük işlər görüb. O, Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının, Z.Hacıbəyovun “Aşıq Qərib” operasının tamaşalarının bədii tərtibatını verib, geyim eskizlərini çəkib.

Məruzəçi satiranın birbaşa və ya dolayı yolla özündə ehtiva edildiyi musiqi əsərləri – bəstəkarlar M.Quliyevin bas və fortepiano üçün “Triptix” əsərindən “Güzgüyə bax” kompozisiyası haqda da ətraflı bəhs edib. Onu da qeyd etmək lazımdır ki, əsər məruzəçi tərəfindən Azərbaycan Milli Kitabxanasının arxivindən əldə olunub və  laboratoriya əməkdaşlarına ilk dəfə təqdim edilib.