Azərbaycan

14 noyabr 1925 – Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov; 1925 – 26.12.1995) Qax rayonunun İlisu kəndində doğulub. 40 ilə yaxın Dövlət Radio və Televiziya Verilişləri Komitəsində çalışıb. Şeirlərinə populyar mahnılar yazılıb.

14 noyabr 1942 – Xanəndə, Əməkdar artist Sabir Nüsrət oğlu Mirzəyev (1942 – 23.7.2011) Cəlilabad rayonunda anadan olub. İfasında lentə alınan muğam və xalq mahnıları teleradionun “qızıl fond”unda saxlanılır.

14 noyabr 1949 – Xalq artisti Rafiq Hacıbaba oğlu Əliyev (1949 – 16.4.2020) Füzuli rayonunun Merdinli kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrında aktyor, rejissor kimi fəaliyyət göstərib, filmlərdə (“Qəm pəncərəsi”, “Qətl günü”, “Hökmdarın taleyi” və s.) çəkilib.

14 noyabr 1967 – Tanınmış aktyor, Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. “Arşın mal alan” (1945, Soltan bəy), “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

14 noyabr 2006 – Tanınmış estrada müğənnisi, Xalq artisti Oqtay Ağayev (7.11.1934 – 2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbaycan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.

 

15 noyabr 1927 – Xalq artisti, rəqqasə Xumar Rza qızı Zülfüqarova (1927 – 2.7.2017) Bakıda doğulub. Opera və Balet Teatrının solisti, Dövlət Mahnı və Rəqs Ansamblının baletmeysteri olub. Bakı Xoreoqrafiya Məktəbində dərs deyib.

15 noyabr 1933 – Ədəbiyyatşünas, professor Firudin Cəlal oğlu Hüseynov (1933 – 31.8.1986) anadan olub. BDU-nun Filologiya fakültəsinə, Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik edib.

 

16 noyabr 1938 – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Əbdülrəsul oğlu Şərifzadə (9.3.1893 – 1938) repressiyaya məruz qalaraq güllələnib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub.

16 noyabr 1995 – Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941-1995) vəfat edib. Gəncə, Naxçıvan teatrlarında, Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.

 

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də Bakıda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb. Mitinqlər ölkədə milli hərəkata təkan verib. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edilib.

 

17 noyabr 1906 – Dünya şöhrətli xalçaçı alim, dekorativ sənət ustası, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 – 9.9.1991) Şuşada anadan olub. “Azərbaycan xalçalarında ornament”, “Azərbaycan xalçası” çoxcildliyi və s. kitabların müəllifidir. L.Kərimovun təşəbbüsü ilə Bakıda Xalça Muzeyi təşkil olunub.

17 noyabr 1933 – Əməkdar incəsənət xadimi, pianoçu Gülarə Əziz qızı Əliyeva (1933 – 27.7.1991) Bakıda doğulub. “Dan ulduzu” instrumental ansamblının qurucusu və rəhbəri olub. “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd”, “Şur” fantaziyalarının müəllifidir. Mədəniyyət və İncəsənət Universitetində Musiqi nəzəriyyəsi kafedrasının müdiri olub.

17 noyabr 1978 – Əməkdar artist Səməd Əmiraslan oğlu Tağızadə (1907-1978) vəfat edib. Gəncə Dövlət Dram Teatrında aktyor, truppa müdiri işləyib.

17 noyabr 1990 – Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.

17 noyabr 2006 – Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 – 2006) vəfat edib.

 

Dünya

14 noyabr 1840 – Görkəmli fransız rəssamı, impressionizmin banilərindən biri  Klod Mone (Oscar-Claude Monet; 1840-1926) anadan olub. Əsərləri: “Təəssürat. Doğan günəş”, “Kapusin bulvarı”, “Bağda qadınlar” və s.

14 noyabr 1900 – Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplend (Aaron Copland; 1900- 1990) anadan olub.

14 noyabr 1907 – Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson; 1907- 28.1.2002) anadan olub.

14 noyabr 1924 – Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artisti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.

 

15 noyabr 1862 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Hauptman (Gerhart Johann Robert Hauptmann; 1862 – 6.6.1946) anadan olub. “Atlantida”, “Kabus” romanlarının, “Tənhalar”, “Kasıb Henrix”, “Qış balladası” və s. pyeslərin müəllifidir.

15 noyabr 1916 – Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Adam Aleksander Pius Sienkiewicz; 5.5.1846 – 1916) vəfat edib. Əsərləri: “Quo Vadis” (rus nəşrlərində “Kamo qryadeşi” - “Hara gedirsən?”), “Polonetskilər ailəsi”, “Xaçpərəstlər”, “Od və qılıncla” və s.

 

16 noyabr Beynəlxalq Tolerantlıq günüdür (İnternational Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu beynəlxalq günü qeyd etməyi tövsiyə edib.

 

16 noyabr 1717 – Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə Ensikpopediyası”nın müəlliflərindən biri Jan Leron D’Alamber (Jean Le Rond D’Alembert; 1717-1783) anadan olub.

16 noyabr 1895 – Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith; 1895-28.12.1963) anadan olub.

 

17 noyabr 1788 – Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.

17 noyabr 1895 – Məşhur rus filosofu, incəsənət nəzəriyyəçisi Mixail Baxtin (1895-1975) anadan olub.

Hazırladı:  Vüqar ORXAN