TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Hörmətli cənab Prezident. Zati-alinizi və Azərbaycan xalqını tarixi uğur – işğal altındakı torpaqların BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən azad edilməsi və ölkənizin suverenliyinin təmin olunması münasibətilə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm”, – deyə məktubda bildirilir.
Qeyd olunur ki, noyabrın 10-da əldə olunan anlaşma nəticəsində döyüşlərin dayandırılması, məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlı qardaşlarımızın öz torpaqlarına yenidən qayıtması, təqribən 30 il işğal altında olan əzəli Azərbaycan torpaqlarında sülh, əmin-amanlıq və rifahın bərqərar olması ilə tarixi ədalət bərpa edildi. Bu şanlı zəfər Azərbaycan xalqının birlik və həmrəyliyini bütün dünyaya nümayiş etdirdi.
“İnanıram ki, işğal dövründə dağıdılmış tarixi və mədəni mirasımız tezliklə yenidən əvvəlki vəziyyətinə qaytarılacaq, bütün türk aləminin mədəniyyət və incəsənət xadimlərinin səsləri Şuşadan, Cıdır düzündən dünyaya yayılacaq”, – D.Kaseinov bildirib.