“DokuBaku” dünyanın cəsarətli sənədli film yaradıcılarını, kövrək insan təcrübələrini və kino incəsənətinin istedadlı ifadə tərzlərini Azərbaycanda toplayan müstəqil beynəlxalq sənədli film festivalıdır.

Bu il 4-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı “Dəyişikliklər” mövzusu altında onlayn formatda gerçəkləşəcək.

2020-ci ildə hər şey qəfildən dəyişdi. Bu dəyişiklik dünya əhalisini, mədəni yaşam tərzlərini, adət etdiyimiz iqtisadiyyatı, bütün dövlətləri gözlənilməz eniş-yoxuşlara vadar etdi. “DokuBaku” da bu dəyişikliklərdən kənar qalmadı. Bu il festival 30 noyabr – 6 dekabr tarixlərində keçiriləcək.

Bir həftə ərzində dafilms.com beynəlxalq onlayn festival platforması vasitəsilə 4 kateqoriyada 36 film nümayiş olunacaq. Hər kəs platformada qeydiyyatdan keçərək günün istənilən saatı filmləri ödənişsiz izləyə biləcək. Festivalın icraçı direktoru – sənədli filmlər rejissoru Oktay Namazov bildirir ki, “Azərbaycanca və ingiliscə altyazı ilə nümayiş sənədli filmləri izləyiciyə daha əlçatan edir. Bu il canlı görüşlər, film nümayişləri və müzakirələr əvəzinə hər bir evdə festival ab-havası olacaq”.

Bu il festival 53 ölkədən 250-dən çox film qəbul edib. Uzun seçim prosesindən sonra, nəhayət, son olaraq həm tammetrajlı, həm qısametrajlı, həm də yerli filmlər arasından ən layiqliləri seçilərək yerli auditoriyaya təqdim olunacaq. Beynəlxalq və yerli mütəxəssislərdən ibarət  jüri heyəti 4 kateqoriyada qalibi seçəcək. Festival filmləri barədə ətraflı məlumat saytda https://az.dokubaku.az/program əldə edilə bilər.

Festivalın jüri heyətində “Ən yaxşı tammetrajlı sənədli film” kateqoriyası üçün Əli İsa Cabbarov, Laura Koppens, Səidə Baxşıyeva, “Ən yaxşı beynəlxalq qısa və yerli sənədli film” kateqoriyasında Durna Səfərova, Uolter Naqi, Yüksel Doğan, “X kateqoriyası”nda isə  Elvin Cəbizadə, Aysu Akcan, Hüseyn Cəlilvənd qalib filmləri seçəcək.

Festivalın açılışını azərbaycanlı rejissor Hilal Baydarovun “Xurmalar yetişəndə” filmi edəcək və ekran əsərinin ilk yerli nümayişi keçiriləcək.

Festivalın rəsmi proqramı ilə dokubaku.az saytında tanış ola bilərsiniz.

DokuBaku BSFF-nın PR və əlaqələr rəhbəri

Vəfa Əlizadə

vafa@dokubaku.az