Əcnəbi diplomatlar işğalçıların Füzulidə törətdiyi vandalizmi öz gözləri ilə görüblər
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında noyabrın 22-də ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin diplomatları və hərbi attaşelərinin, beynəlxalq təşkilatların təmsilçilərinin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunub.
Diplomatik korpusun nümayəndələrini Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmilər müşayiət ediblər. Səfərdə 120-dən çox diplomat iştirak edib.
Öncə heyət işğaldan azad olunmuş Füzuli şəhərinə səfər edib. Xarici diplomatlar və hərbi attaşelər burada Ermənistanın müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olub, 27 il ərzində törədilən vandalizmi öz gözləri ilə görüblər. Füzulidə bütün infrastruktur, evlər, tarixi-mədəni abidələr, hətta qəbiristanlıqlar da vəhşicəsinə dağıdılıb.
Şəhər ərazisində ermənilər tərəfindən dağıdılmış Hacı Ələkbər məscidinin yerləşdiyi əraziyə baxış zamanı diqqətə çatdırılıb ki, XIX əsrə aid tikili respublika əhəmiyyətli tarixi abidədir. Məscidin işğaldan əvvəl iki minarəsi olub. İşğalçılar tərəfindən məscid dağıdılıb, yalnız bir minarəsinin qalıqları qalıb.
Sonra heyət rayonun işğaldan azad edilmiş Kürdlər kəndində olub. Diplomatik korpusun nümayəndələri və hərbi attaşelərə dağıdılmış kənd qəbiristanlığı göstərilib.
Prezidentin köməkçisi Hikmət Hacıyev və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildiriblər ki, 27 il ərzində işğal altında olmuş kəndin qəbiristanlığı buldozerlə dağıdılıb, yerində taxıl əkilib. H.Hacıyev qeyd edib ki, bu, Ermənistanın vandalizminin daha bir nümunəsidir.
Diplomatik korpusun nümayəndələri daha sonra Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində olublar. Onlara Ermənistan işğalçı ordusunun kəndin ərazisində yerləşmiş hərbi hissəsi də göstərilib. Bildirilib ki, buradan rayonun işğal altında olmayan ərazilərindəki mülki əhali daim atəşə tutulub, təsərrüfat işlərinin həyata keçirilməsinə imkan verilməyib.
Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, burada gördüyümüz dağıntılar insanda narahatlıq və qəmginlik doğurur. Vaxtilə Azərbaycanın inkişaf etmiş, firavan şəhərlərindən olan Füzuli erməni vandalları tərəfindən viran qoyulub. Bu, əslində, Ermənistan dövlətinin əsl simasıdır, əsl mahiyyətidir.
Diplomatik korpusun nümayəndələrinin xarabalığa çevrilmiş Füzuliyə səfəri maraqlı bir məqamla da yadda qalıb. Erməni işğalçıları tərəfindən dağıdılmış Mədəniyyət mərkəzinin qarşısında 27 il sonra skripka ilə mahnı ifa edilib. Bu, həm də barbar düşmənin viran qoyduğu torpağa çox tezliklə mədəniyyətin qayıdacağının, bu torpağın dirçəldiləcəyinin mesajıdır.
“Füzuli şəhərində Ermənistan tərəfindən dağıdılmış Mədəniyyət mərkəzinin qarşısındayıq. Musiqinin gücü ilə dünyaya sülh və tolerantlıq mesajlarımızı göndəririk”.
Bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb. H.Hacıyev qeyd edib ki, kabus şəhərə çevrilmiş Füzuli tezliklə firavanlıq və xoşbəxtlik şəhəri olacaq.