Hamımız emosional yüklü günlər yaşayırıq. Qələbə sevincindən ürəklərimiz coşarkən bizə bu əzəmətli hissi yaşatmaq üçün canını Vətən torpağı uğrunda fəda edib şəhadətə qovuşan qəhrəmanlarımızı da dərin ehtiram və minnnətdarlıqla anırıq. Gözlərdən könüllərə axan bu duyğu selində “Sən bizimsən, bizimsən durduqca damarda qan” sözləri “Üçrəngli bayrağı öz qanlarıyla, Vətən torpağına çəkdi şəhidlər” misralarına calanır.

Uca və müqəddəs şəhidlik zirvəsinə ucalan Vətən oğulları sırasına sənət camiasından qoşulanlar da oldu.

Akademik Musiqili Teatrda çalışan, həyatını teatr sənəti ilə bağlamağı hədəfləyən, səhnənin sehrində özünün gələcək arzularını quran Əliağa Məmmədov da  “Vətən çağırır” deyib hələ aylar əvvəl hərbi xidmətə, oradan da ön cəbhəyə yollanmışdı.

Yaxınları deyir ki, döyüşlərin başladığı gündən Əliağa çox sevinirdi. Hər zəngində düşmən üzərində zəfər çalan döyüşçü yoldaşlarından danışıb, qəhrəman oğullarımızın tarix yazdığını, zəfər gününün yaxında olacağının həyəcanını yaşayırdı. Elə ağır döyüşlərin birində –  oktyabrın 6-da o da öz şücaəti ilə tarix yazıb, əbədiyyətə qovuşdu. Yaddaşlarda 19 yaşlı şux duruşu, əmin baxışı və şirin zarafatları ilə qaldı.

Əliağa teatra könül vermiş, oranı özünə fəaliyyət məkanı seçmişdi. Yaxınlarının, iş yoldaşlarının dediyinə görə, fərqlənmək, tanınmaq, məşhur olmaq istəyirmiş. Bilmirəm, bu kiçik yazı parçasında onu necə tanıda bilərik, amma ona əminəm ki, bütün şəhidlərimiz kimi o da illər keçib, nəsillər dəyişdikdən sonra da yaddaşlarda qalıb, ehtiramla anılacaq. Biz isə onun qısa ömür yolunu hər dəfə köks ötürərək sətirlərə köçürüb, sonrakı nəsillərə yetirməyə çalışacağıq.

Əliağa Eldəniz oğlu Məmmədov 26 iyul 2001-ci ildə Bakının Sabunçu rayonunda anadan olub.  Milli Qəhrəman Nazim İsmayılov adına 80 saylı tam orta məktəbi bitirdikdən sonra uşaqlıqdan meyl etdiyi idman sahəsində daha  peşəkar məşğul olmağa başlayıb. Cüdo idman növü üzrə müxtəlif yarışlarda iştirak edərək medal və sertifikatlarla təltif edilib.

Sonradan peşə təhsili alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrında işıq operatoru kimi fəaliyyətə başlayıb. Elə hərbi xidmətə də buradan yola düşür.

Beləcə işıqlandırdığı səhnələrdən, tamaşa salonlarından daha gur  işıqların altında, uğrunda öldüyü vətən torpağında əbədi məkan qurur.

Vətən və onun torpağını uca tutanlar sizləri unutmayacaq, qəhrəman oğullarımız. Axı, bu torpaq sizin kimi qüdrətli oğullarını qoynuna alıb, qüvvətlənib, bütövləşib...

HƏMİDƏ