Sentyabr 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi noyabrın 10-da Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. 30 ilə yaxın həsrət qaldığımız doğma Qarabağımıza qovuşuruq. Bu qələbə naminə igid Azərbaycan övladları Vətən uğrunda şəhid oldu. Şəhidlər yurdumuzun azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Onların canı, qanı hesabına qazanılan azadlıq heç vaxt unudulmur. Vətən müharibəsində şəhid olmuş İbrahim Lələyev də qəlblərdə yaşayacaq.

İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 2014-cü ildə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbini bitirib. 2015-ci ilin iyulunda həqiqi hərbi xidmətə gedib. 2016-cı il Aprel döyüşlərində iştirak edib. 2017-ci ilin yanvarında ordudan tərxis olunub.

Bu ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-həmlə əməliyyatına keçərək Vətən torpaqlarını azad etməyə başlayanda Ali Baş Komandanın çağırışına səs verənlərdən biri də İbrahim Lələyev olub. 29 sentyabrda könüllü olaraq cəbhəyə yollanır. Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşan İbrahim Lələyev oktyabrın 10-da qəhrəmancasına şəhid olur.

Onu da qeyd edək ki, cəbhəyə yollanmazdan əvvəl İbrahim Bakıda, 20 Yanvar metrosundakı yeraltı keçiddə kiçik köşkdə satıcı işləyirdi. Şəhid olması xəbəri gələndən sonra yoldaşları onun işlədiyi köşkün önünə əklil qoyub, portretini asmışdılar.

Şəhidin iş yoldaşı Murad Əhədovun sözlərinə görə, İbrahim çox mehriban, qayğıkeş və vətənpərvər gənc olub: “O, həm iş yoldaşlarıyla, həm də alıcılarla mehriban ünsiyyət qururdu. Hər kəs ondan razılıq edirdi. Müharibə başlayanda könüllü olaraq cəbhəyə getdi. Ən böyük arzusu Qarabağın düşməndən azad edilməsi idi. Çox təəssüf ki, o, bunu görə bilmədi. Amma inanırıq ki, İbrahimin ruhu şaddır. Çünki Qarabağımız işğaldan azad edildi”.

İbrahim Lələyev doğulduğu kənddə torpağa tapşırılıb. Allah rəhmət eləsin.

NURƏDDİN