Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun şücaəti ilə erməni işğalından azad olunan rayonların Mərkəzləşmiş Kitabxana Sistemlərinin (MKS) direktorları ilə onlayn videokonfrans keçirilib.
Dekabrın 3-də Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə reallaşan onlayn konfransın əsas məqsədi işğaldan azad edilən rayonların kitabxanalarının mövcud durumunu və onların qiymətli kitab fondlarının mühafizə vəziyyətini araşdırmaq, bu barədə beynəlxalq Kitabxana təşkilatı olan IFLA-ya müvafiq məlumatın verilməsidir.
Konfransda Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocalı və Xocavənd rayonlarının MKS direktorları, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və direktor müavini Ədibə İsmayılova iştirak ediblər.
Kərim Tahirov iştirakçıları salamlayaraq xalqımıza tarixi zəfəri yaşadan Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusunun zabit və əsgərlərinə Milli Kitabxananın kollektivi və bütün Azərbaycan kitabxanaçıları adından təşəkkürünü bildirib.
MKS direktorları çıxış edərək işğaldan azad olunan ərazilərdəki kitabxanalar barədə məlumat veriblər.
Bildirilib ki, Şuşa şəhərinin və Xocavənd rayonunun mərkəzi kitabxanalarının binaları istisna olmaqla, digər bütün işğaldan azad olunan rayonlarda rayon, şəhər, qəsəbə və kənd kitabxanalarının binaları dağıdılaraq yerlə yeksan edilib. İşğaldan azad olunan rayonlar üzrə Mədəniyyət Nazirliyinin şəbəkəsinə daxil olan 734 kitabxana və onların fondlarında olan 4.587.696 nüsxə kitab və digər çap məhsulları tamamilə dağıdılıb və talan olunub. Qeyd edilib ki, Şuşa şəhər Mərkəzi Kitabxanası Qarabağın görkəmli ziyalısı, şairi və rəssamı Mir Möhsün Nəvvab tərəfindən 1897-ci ildə yaradılıb. Mir Möhsün Nəvvab öz əlyazmalarının bir hissəsini və görkəmli şairə Xurşudbanu Natəvanın şeirlərindən və çəkdiyi şəkillərdən ibarət dəftərləri də kitabxanaya hədiyyə edib. İşğaldan sonra həmin qiymətli hədiyyələr ya yandırılıb, yaxud da xarici ölkələrə daşınıb. Qubadlı rayon Mərkəzi Kitabxanasında görkəmli el şairi Seyid Nigarinin qiymətli əlyazması da erməni vandalları tərəfindən məhv edilib. Bütün bu faktlar göstərir ki, erməni işğalçılarının əsas məqsədi Azərbaycan xalqına məxsus qiymətli sərvətlərin məhv olunması və bu bölgələrdə Azərbaycana məxsus izin tamamilə silinməsi olub.
Vurğulanıb ki, bütün bu vəhşiliklər barədə məlumatları İFLA-ya təqdim etməklə erməni işğalından azad olunan rayonların kitabxana işçilərinin haqq səsini bu beynəlxalq təşkilata çatdırmaq vacibdir.