Dövlət Tərcümə Mərkəzi Elmi şurasının növbəti müşavirəsi onlayn formatda keçirilib. Mərkəzin İdarə heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, Xalq yazıçısı Elçin, Xalq şairi Sabir Rüstəmxanlı, Mərkəzin İdarə heyətinin üzvü, akademik Nizami Cəfərov, filologiya elmləri doktorları, professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Rüstəm Kamal, filologiya elmləri doktoru, dosent Paşa Kərimov, şair-tərcüməçi Vaqif Aslan müşavirədə iştirak ediblər.

Toplantıda qurumun 2020-ci il üzrə fəaliyyətinə dair hesabat dinlənilib, görülən işlərlə bağlı fikir mübadiləsi aparılıb, 2021-ci ildə nəzərdə tutulan layihələr və nəşrlər üzrə tematik plan təsdiq edilib.

Xalq yazıçısı Elçin müşavirədə çıxışı zamanı bildirib ki, Dövlət Tərcümə Mərkəzi Azərbaycan həqiqətlərinin, ədəbiyyatımızın, mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində bir sıra mühüm layihələr həyata keçirib. Mərkəz tərcümə sahəsinin tənzimlənməsi və təkmilləşdirilməsi, o cümlədən ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində uğurlu layihələrə imza atıb. Dünyanın məşhur şair və yazıçılarının kitabları yüksək peşəkarlıqla tərcümə edilərək nəfis tərtibatda oxuculara təqdim olunub. Xalq yazıçısı Dövlət Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş və bu yaxınlarda işıq üzü görmüş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin nəşrini də xüsusi qeyd edib.

Sabir Rüstəmxanlı da çıxışında sözügedən nəşrdən bəhs edib. Bu gün xüsusilə sosial şəbəkələrdə insanların sözləri necə gəldi yazdığını, orfoqrafiya qaydalarının pozulduğunu qeyd edən Xalq şairi vurğulayıb ki, bu səbəbdən orfoqrafiya lüğətinin əhəmiyyəti böyükdür

Akademik Nizami Cəfərov bildirib ki, Dövlət Tərcümə Mərkəzinin 2017-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün varisi olan yeni nəşr orfoqrafiya lüğətçiliyi sahəsində son illər həyata keçirilən fundamental layihələrin ən dəyərli məhsuludur.

Professorlar Cahangir Məmmədli, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Rüstəm Kamal, şair-tərcüməçi Vaqif Aslan, dosent Paşa Kərimov onlayn müşavirədə fikirlərini bölüşüblər. Çıxışlarda yeni təkmil “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin ərsəyə gətirilməsi təqdir edilib. Bildirilib ki, Azərbaycan və dünya üzrə coğrafi adların, Azərbaycan milli musiqi adları və xalçaların adlarının ayrıca olaraq lüğətə daxil edilməsi kitabdan istifadə etmək istəyənlərin sayını daha da artıracaq.