Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Türkmənistan Respublikasının neytral dövlət statusunun beynəlxalq aləmdə tanınmasının 25-ci ildönümünü qeyd edib. Bu münasibətlə TÜRKSOY 12 ölkədən olan 150-dən çox sənətçinin iştirakı ilə xüsusi təbrik videoçarxı hazırlayıb. 

Türk dünyasından olan sənətçilər bu layihədə bir daha dünyaya birlik və həmrəylik nümayiş etdiriblər. Layihdə Azərbaycanı müğənni Namiq Aslanov təmsil edib.

Təbrik videoçarxı "Kuşdepti" türkmən xalq mahnı və rəqsi əsasında hazırlanıb. Hər bir iştirakçı ölkə adından təbrik mesajı türkmən milli mahnısının sözlərinin əvəzlənməsi ilə səsləndirilib.

Video təbrikdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamuradov, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə, Türkmənistan, Qaqauziya (Moldova), Tatarıstan, Başqırdıstan, Kabarda-Balkar və Saxa Yakutiyadan (Rusiya Federasiyası) olan vokal solistləri və rəqs ansambllarının üzvləri iştirak ediblər.

Qeyd edək ki, "Kuştdepdi" türkmən rəqsi 2017-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Əvvəllər digər türk respublikalarının milli və rəsmi bayramları münasibətilə təşkil olunan oxşar layihələrdə iştirak etmiş türk dünyası sənətçiləri Türkmənistanın dövlət bayramı – Neytrallıq günü münasibətilə təbriki pandemiyanın diktə etdiyi şərtlərlə, onlayn formatda təqdim ediblər.

1995-ci ilin 12 dekabrında BMT Baş Assambleyası Türkmənistanın neytral dövlət  statusu ilə bağlı müraciətinə cavab olaraq xüsusi qətnamə qəbul edib. Həmin vaxtdan 12 dekabr Türkmənistanda rəsmi bayram kimi qeyd olunur

Mehparə SULTANOVA
Ankara