Əşrəf Heybətov Vətən müharibəsində zəfəri tərənnüm edən panno yaradıb
Azərbaycanın Xalq rəssamı, UNESCO Rəssamlar Federasiyasının, Rusiya Rəssamlıq Akademiyasının, Almaniya Rəssamlar Birliyinin üzvü, “Sülh səfiri” beynəlxalq diplomunun sahibi Əşrəf Heybətov “Qarabağda Qələbə Günü” adlı genişmiqyaslı panno yaradıb.
Almaniyada yaşayan məşhur fırça ustası ölkəmizin işğal altındakı ərazilərinin azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarının ilk günlərindən əsər üzərində işləməyə başladığını deyib. Rəssam bu müharibədə qələbəyə inandığını və bu səbəbdən çoxfiqurlu panno yaratmaq qərarına gəldiyini bildirib.
“Bu rəsm əsərində hamımız üçün əziz olan Şuşanın bütün simvollarını təsvir etdim, onun azad edilməsi azərbaycanlıların yaralı ürəyinə məlhəm oldu. Pannonun mərkəzi hissəsində musiqimizin patriarxı Üzeyir bəy Hacıbəyli və Qarabağ xanının qızı Natəvan yer alır. Əlbəttə ki, Şuşanın “Xarı bülbül” əfsanəvi çiçəyini təsvir etməyə bilməzdim. Cəsarətli əsgərlərimiz sayəsində tarixi qələbə qazandıq və təbii ki, Qarabağı qoruyan xilaskar döyüşçüləri pannoda əks etdirmişəm. Deməliyəm ki, bütün kompozisiya alleqoriya, metafora və rəmzlərə əsaslanır, bütün bunlar mənə çox yaxındır”, - deyə Əşrəf Heybətov qeyd edib.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Kübra Əliyeva rəssamın yeni əsərini alqışlayaraq bildirib ki, Əşrəf Heybətovun doğma Azərbaycana həsr etdiyi əsərləri Vətənə, onun tarixinə, təbiətinə və mədəniyyətinə sevgi aşılayır.