Xalq rəssamı Cəlil Hüseynovun bədii axtarışları haqqında

Azərbaycan təsviri sənətinin çoxəsrlik inkişaf tarixi çeşidli ifadə üslubları ilə diqqət çəksə də, bu təşəkkülü şərtləndirən müəlliflərin əsərlərində gerçəkliyə obrazlı yanaşma arzulanan dərəcədə olmamışdır. Bunun daha çox rəssamların konkret hansısa üsluba bağlılığından deyil, həyatda gördüklərinə münasibətlərinin bədii ümumiləşdirmə və improvizə etmək bacarığından qaynaqlandığını desək, həqiqəti söyləmiş olarıq. Zamanında öz yaradıcılığında bunun ən yaxşı nümunələrini Xalq rəssamı Səttar Bəhlulzadə ərsəyə gətirmişdir. Müstəqillik dövrü milli rəngkarlığımızda belə estetik dəyəri tanınmış fırça ustası, Xalq rəssamı, professor Cəlil Hüseynov öz əsərlərində davam etdirir.

Əslində, S.Bəhlulzadə kimi məşhur sələflə, onun əsərlərinin estetikasını özünəməxsus tərzdə – bədii improvizələrlə davam etdirən xələfin – C.Hüseynovun ifadə üslubları arasında heç bir zahiri bənzərlik yoxdur. Onların hər ikisini yaxınlaşdıran ifadə texnikalarında oxşarlıq yox, əsərlərin ümumi estetikasının bələndiyi mənəvi ruh daşıyıcılığıdır. Daha dəqiq desək, bu iki yaradıcının əsərlərinin məna-məzmun yükünə obrazlı görkəm verən rəng estetikasının milli mənəvi qaynaqlardan şirələnməsidir. Həmin tablolardakı duyğulandırıcı bədii tutumun heyrətamizliyinin qədim bədii ənənələrdən qaynaqlanmasından, onlara hər birinin fərdi və fərqli münasibət bildirməsindən, ayrı-ayrı süjetləri bədii improvizələrlə təqdim etmələrindən keçdiyi hiss olunandır. Odur ki, bütün bunlar sələf və xələfin müxtəlif süjetli əsərlərindəki motivlərin obraz kimi qəbulunu şərtləndirmişdir.

Cəlil Hüseynovun rəngkarlığımızın “estetik xəritəsi”ni özünəməxsus rəng çalarları və tonları ilə zənginləşdirdiyi danılmazdır. Onun pastel rənglərinin ustalıqla əldə olunmuş çox incə tonlarından “boylanan” ovqatyaradıcılığın şaşırdıcı tutumda olduğu adi gözlə belə görünəndir. Həm də zəngin təcrübə sayəsində əldə olunan bu yüksək sənətkarlığın rəssamın davamlı axtarışlarından keçdiyi həqiqətdir. Bu axtarışların ilkin mərhələsində o, kətan üzərində təsvir obyektlərinin oxşarından daha çox bədii obrazını yaratdığından və belə əsərlərdə reallıqla təfsir qoşalaşdığından onlar rəssam təxəyyülü ilə yaşantılarının ifadəsi kimi qəbul olunmaqla, cəlbedici və düşündürücü baxılır.

Cəlil Hüseynovun zamanın axarında formalaşan və kamilləşən ifadə üslubunda lirik-romantik çalarların üstünlük təşkil etməsi qabarıq duyulmaqdadır. Rəssamın buna ən müxtəlif janrlı əsərlərində, xüsusilə mənzərələrində nail olması isə, ilk növbədə, onun obrazlılığın əldə olunması üçün davamlı eksperimentlər aparması ilə bağlıdır.

Zəngin təbiəti ilə seçilən Azərbaycanı gəzib-dolaşmaqdan usanmayan rəssamın ötən müddət ərzində yaratdığı obrazlar qalereyasında Qarabağ, Naxçıvan, Abşeron, Quba və Şamaxı ünvanlı mənzərələr kifayət qədərdir. Həmin yerlərin müxtəlif fəsillərdə, günün ayrı-ayrı vaxtlarında görüntüyə gətirilmiş təsvirlərində bir-birindən fərqli ovqatyaradıcı aura duyulur. Onun zamanında müşahidə etdiyi Topxana meşəsinə bu yaxınlarda qayıdışı nə qədər nostalji hisslərlə bağlı olsa da, bədiiləşdirilmiş bu motivlərdə rəssamın yurd gözəlliyini ictimailəşdirmək istəyi daha üstün görünür.

Müəllifin “Topxana düşüncələri” adlandırdığı yeni triptixdə Şuşa ətrafındakı yerlərə xüsusi yaraşıq bəxş edən məşhur meşənin qürub mənzərəsi nikbin rəng çalarları ilə cəlbedici tutumda ifadə olunmuşdur. Onların birində – üfüqi formatlı mənzərədə gül-çiçəkli təpəni təsvir edən rəssam, məkanın dominantına çevrilən ağacları və onların arxasındakı qızılı rəngə bələnmiş səmanı gözoxşayan mənəvi qaynağa çevirməklə,  meşənin yalnız bir guşəsinin Qarabağ təbiətinin ümumiləşdirilmiş obrazı kimi qəbulunu şərtləndirə bilmişdir. Triptixin digər iki lövhəsinin şərh etdiyimiz birinci ilə müəyyən oxşarlığı olsa da, əslində, kolorit – ovqatyaradıcılıq baxımından fərqli olmaları rəng çalarlarından hiss olunmaqdadır.

Cəlil Hüseynovun sərt və bənzərsiz Abşeron torpağına münasibətində də məkana fərdi yanaşması duyulmaqdadır. Son bir qərinə ərzində kifayət qədər müasirləşən və əvvəlki görkəmini itirən yerlərin indi az qala ekzotik görünən əski mənzərəsini öz tablolarında canlandırmağa çalışan rəssam, əslində, həm də bu yerlərin zamanında necə olduğunu gələcək nəsillərə çatdırılması yönündə xeyirxah iş görmüşdür. Onun “Abşeronda”, “Daşlı sahil”, “Abşeron motivi”, “Yay” və digər əsərlərində “qara qızıl”lı torpağa günün müxtəlif çağlarında göstərilən bədii müəllif münasibətində sərt məkanın lirik-romantik ovqata bələnməsi görünməkdədir.

Bu əsərlərində dənizin lap yaxınlığında qərarlaşmış yastı damlı kənd evlərini müxtəlif biçimli kompozisiyaların əsas məna-məzmun daşıyıcısına çevirən rəssam, onları bir-birindən fərqli rakurslarda təqdim etməklə, həm də həmin lövhələrin təravətli estetik qaynağa çevrilməsinə nail olmuşdur. Bu tabloların səciyyəvi xüsusiyyəti həm də onların rəng estetikasında ağ rəngin mühüm rol oynamasıdır, desək, yanılmarıq. Ağın müxtəlif çalarlarından duyulası incəlik və ustalıqla istifadə edən Cəlil Hüseynov, onun dəniz kənarındakı qızılı qumu, suvaqlı divarları, bacalı yastı damları əyaniləşdirməsini bu rəngin bəzən güclü, bəzən də ram olunmuş tutumunda ifadə etmiş, məna-məzmun daşıyıcılarını səciyyələndirən fakturanı duyulası həddə çatdırmaqla, bütünlükdə kompozisiyanın lirik-romantik mənəvi qaynağa çevrilməsini reallaşdırmışdır. Güclü günəş şüaları altında ənənəvi rənglərini bəyazlığa “qurban” verən bütün əsər ayrıntılarının yeni görkəmdə təqdimatında duyulan şişirtmə və “bədii yalan”ın əsərin ovqatyaradıcılığına yönəldilməsi də hiss olunandır. Bu əsərlərində gördüklərinin tanınmaqdan daha çox, tanıdılmasına səy göstərən müəllifin ağ rəngin “təsir çərçivəsi”ni genişləndirə bilməsi də görünəndir.

Bir əsərdə ağ rəngdən geniş istifadənin elə də asan olmadığını nəzərə alsaq, rəssamın başqa janrlarda yaratdığı əsərlərində də bu rəngi əsas bədii vasitəyə çevirməsinin təsadüfi olmadığını deməliyik. Bu məqsədli yanaşmanı onun portretlərində və natürmortlarında da müşahidə etmək mümkündür. Bu mənada “Qədim qablar” triptixi, “Qarpızlar”, “Ekzotik meyvələr”, “Ananas və parça ilə natürmort”, “Yemişlər”, eləcə də “Gənc qadın”, “Emalatxanada”, “Günəşli gündə”, “Uzanmış qadın” və s. əsərlərində müəllifin digər rənglərin ağla vəhdətinin uğurlu nəticələrə gətirib çıxardığını deyə bilərik.

Mənzərələrindən fərqli olaraq əksər natürmortlarında duyulası dekorativliyə meyl sərgiləyən rəssam, forma-biçim etibarilə təzad təşkil edən əşyaların bəzən mümkünsüz görünən bütövlüyünü təqdim etməklə, lövhənin həm də duyğulandırıcı cəlbediciliyinə nail olmuşdur...

Onun vaxtaşırı ərsəyə gətirdiyi “nyu”ları da özünəməxsus estetikası – rənglərinin pastel incəliyi ilə diqqət çəkirlər. Həmin “nyu”larda tamaşaçını cəlb edən və ovsunlayan məziyyətlər çoxdur. Qənaətimizcə, rəssamın “nyu”lar silsiləsində ifadə olunan təkcə qadın bədəninin gözəlliyinin vəsfi olsaydı, bəlkə də bu qədər tamaşaçı diqqətini çəkməzdi. Bu əsərlərdə gah fərdi yaşantısını pünhan saxlayan, çox vaxt isə onları gizlətməyə can atmayan qadınların tamaşaçı ilə təmasa yönəli pozalarında insan və məkan probleminin mənəvi-psixoloji məqamlarına təsirli bədii görüntü verilməsinə səy göstərilib.

Sonda əlavə edək ki, bütün yaradıcılığı boyu ərsəyə gətirdiyi dəzgah rəngkarlığı nümunələrində duyulası dərəcədə lirik-romantik olan Cəlil Hüseynov zaman-zaman yaratdığı divar rəsmlərində həm də səthi incəliklə duyan, sənətlərin sintezi problemini uğurla həll edə bilən monumentalçı olduğunu da sərgiləyə bilmişdir.

Rəssam zamanında monumental sənət üzrə aldığı təhsilin müstəqillik illərində daha iri forma-biçim və tutumla ifadə etmək imkanı da əldə etmişdir. Bunun memarlıq layihələrində ifadəsi çoxları üçün gözlənilməz olsa da, onun özü bunu sıradan yaradıcılıq işləri kimi qəbul edir. Bakı, Balakən, Mingəçevir, Şamaxı, Neftçala, Astara, Siyəzən və Sumqayıt kimi yaşayış məntəqələrində inşa olunan müxtəlif funksiyalı binalarda ifadə olunan yüksək zövq daşıyıcılığının nəticəsidir ki, həmin binalar şəhərlərin memarlıq xəritəsinin dominantına çevriliblər. Bu tikililəri digərlərindən fərqləndirən və Cəlil Hüseynovun “tanınma nişanı” – onların eksteryerlərində rəssam palitrasını səciyyələndirən rəng çalarlarından istifadə olunmasıdır.

Respublikanın Əməkdar incəsənət xadimi və Xalq rəssamı fəxri adlarına, 2018-ci ildə “Milli irs” mükafatına layiq görülməsi də rəssamın mədəniyyətimizə yaradıcı töhfələrinə verilən yüksək qiymətdir. Uzun illər ərzində həm də pedaqoji fəaliyyətlə məşğul olan Cəlil Hüseynov hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, emalatxana rəhbəridir...

Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professor