Vyetnamın paytaxtı Hanoyda təşkil olunan “Beynəlxalq qida festivalı 2020” xeyriyyə yarmarkasında ölkəmiz “Qarabağ Azərbaycandır!” adlı pavilyon ilə təmsil olunub. Ənənəvi xeyriyyə yarmarkası Vyetnamın Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Ölkəmizin Vyetnamdakı səfirliyindən bildiriblər ki, 140 pavilyonun fəaliyyət göstərdiyi yarmarkada Hanoydakı diplomatik korpus, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ölkələr arasında mədəni mübadilə və qarşılıqlı anlaşmanın təşviqi məqsədi daşıyan yarmarkada milli pavilyonumuzun tərtibatında Vətən müharibəsi zamanı işğaldan azad olunmuş rayonlarımızın adları qeyd edilib, fotolar nümayiş olunub. Tərtibatda Azərbaycanın tarixi abidələrini, müasir infrastrukturunu, turizm potensialını özündə əks etdirən şəkillərdən də istifadə edilib. Səfirliyin Azərbaycan haqqında Vyetnam dilində çap etdirdiyi kitablar və digər təbliğat materialları nümayiş etdirilib, Azərbaycan mətbəxinin ləziz nümunələri iştirakçılara təqdim olunub.
Vyetnamın Baş nazirinin müavini, xarici işlər naziri Pam Bin Minin həyat yoldaşı, səfir Nquyen Nquyet Nqan xeyriyyə fəaliyyətinə dəstəyə görə Azərbaycan tərəfinə Vyetnam XİN-in təşəkkür sertifikatını təqdim edib.
Qeyd edək ki, “Beynəlxalq qida festivalı 2020” xeyriyyə yarmarkası Hanoyda keçirilən ən kütləvi tədbirlərdən hesab olunur.