Məşhur fransız impressionisti Pyer Ogüst Renuarın (1841-1919) “Kiçik rəssam” adlı əsəri “Christie’s” hərracında 1,18 milyon dollara satılıb.
Hərrac evinin saytında yazılan xəbərdə bildirilir ki, satış məbləği rəsm əsərinə ilkin qoyulan qiymətdən təxminən iki dəfə çox olub.
1907-ci ildə çəkilən tabloda Renuar kiçik oğlu Klodu təsvir edib. “Christie’s” mütəxəssislərinin qeyd etdiyi kimi, üçüncü oğlunun dünyaya gəlməsi, o dövrdə 60 yaşında olan və “obrazı kətan üzərində çəkmək üçün uzun saatlar sərf edən” rəssam üçün sevindirici bir hadisə idi.
“Christie’s”nin keçirdiyi auksionda ispan rəssamı Pablo Pikassonun (1881-1973) 1964-cü ildə yaratdığı “Siqaret çəkən kişi” adlı əsəri isə 1,014 milyon dollara yeni sahibinə keçib. Hərrac evinin mütəxəssisləri bildirib ki, bu əsər müəllifin çox zaman iş paltarında, siqaret çəkən və həmişə zolaqlı jiletlərdə təsvir etdiyi gənc və yaşlı kişi rəsmlərinin eskizlərinə aiddir.
“Christie’s”dən verilən məlumata görə, dekabrın 4-də keçirilən auksionda rəssam və heykəltəraşların XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid əsərlərinin satışı ümumilikdə 10,1 milyon dollar təşkil edib.
İLONA