Daşkənddə “Özbəkistanın mədəni irsi yeni renessansın bünövrəsi kimi” adlı beynəlxalq konqres keçirilib. Tədbirə dünyanın 40 ölkəsindən mütəxəssis və alimlər, sənətşünaslar, muzey rəhbərləri qatılıb.
Ölkəmizi konqresdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova videokonfrans formatında təmsil edib.
Tədbirdə “Özbəkistanın mədəni irsi: sivilizasiyaların və renessansların qarşılıqlı təsiri”, “Özbəkistanın kinematoqrafı: keçmiş, indi, gələcək”, “Yeni nəsil: yeni intibah” mövzularında müzakirələr keçirilib.
Məruzəçilər Özbəkistan torpağında dünya sivilizasiyasının inkişafına öz töhfələrini vermiş görkəmli alimlərdən, bəşəriyyət tarixində maarifçilik, dini tolerantlıq və humanizm atmosferinin nümayiş etdirildiyi birinci və ikinci Renessans dövrlərində elm və mədəniyyət sahələrindəki güclü irəliləyişdən bəhs edən çoxillik tədqiqatların nəticələri haqqında söhbət açıblar.
Şirin Məlikova “Sivilizasiyaların və renessansların qarşılıqlı təsiri” bölməsindəki çıxışında Azərbaycanda mədəni irsin qorunması sahəsində görülən işlər haqqında məlumat verib, Milli Xalça Muzeyində qorunan qədim xalçalar, onların tarixi barədə söhbət açıblar.
Tədbir çərçivəsində “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” seriyasından kitab-albomların təqdimatı da reallaşıb.