27 il sürən erməni işğalı zamanı yerlə yeksan edilmiş Füzuli şəhərinin xarabalıqları arasında vaxtilə burada ucaldılmış dahi şair Məhəmməd Füzulinin abidəsi aşkar edilib.
Abidəni, daha doğrusu, dağılmış abidənin qalıqlarını APA-nın Qarabağa ezam olunmuş əməkdaşları ərazidə olarkən aşkar ediblər.
Məlumatda qeyd edilir ki, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 1970-ci ildə Füzuli şəhərinin mərkəzində ucaldılmış abidəsi işğalçılar tərəfindən dağıdılıb. Heykəlin yerləşdiyi parkın ərazisi hazırda cəngəlliyi xatırladır.
Qeyd edək ki, XIX əsrin əvvəlində indiki Füzuli şəhərinin yerində Qarabulaq kəndi olub. Bu yerlərin Çar Rusiyası tərəfindən işğalından sonra, 1827-ci ildə Qarabulaq kəndi rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılıb. Daha sonra Karyagin (Qaryagin) eyniadlı qəzanın mərkəzi olub. Növbəti dövrlərdə ərazi Cəbrayıl qəzasının tərkibinə daxil edilib.
Sovetləşmədən sonra da bu ad saxlanılıb. 1930-cu ildə Qaryagin rayonu təşkil edilib.
1959-cu ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun adı dəyişdirilərək Füzuli adlandırılıb.
Füzuli şəhəri 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 27 il 3 aydan sonra – 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.