Azərbaycan Dövlət Rəsm Qalereyası “Artinterview” (“Sənət müsahibəsi”) adlı yeni layihəyə start verib. Qalereyadan bildirilib ki, layihənin məqsədi incəsənətlə bağlı birbaşa rəssama ünvanlanmış suallar vasitəsilə onların yaradıcılıqları ilə daha yaxından tanış olmaqdır. Layihənin ilk müsahibi Əməkdar rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəşad Mehdiyevdir.
O, 1987-ci ildə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini, 1996-cı ildə Türkiyədə Memar Sinan Universitetini bitirib. Rəşad Mehdiyevin əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir, fərdi dəst-xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərindən götürülən əlvan və parlaq rənglərin zəngin koloriti ilə seçilir.
Rəssamın xarici ölkələrdə 20-dən çox fərdi sərgisi açılıb, bir neçə beynəlxalq simpozium və festivalda iştirak edib. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının baş müəllimidir.