Hazırda UNESCO-nun müvafiq siyahılarında 131 ölkənin ümumilikdə 584 irs elementi var

Xəbər verdiyimiz kimi, 14-18 dekabr tarixlərində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 15-ci sessiyası keçirilib. Bu il pandemiya səbəbindən  onlayn formatda (Yamaykanın “ev sahibliyi” ilə) gerçəkləşən sessiya ölkəmiz üçün iki əlamətdar hadisə – Nar bayramının (“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adı altında) və miniatür sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahı”sına salınması ilə (16 dekabr) yadda qaldı.

Nar bayramı ölkəmiz tərəfindən fərdi şəkildə, miniatür sənəti isə Türkiyə, İran və Özbəkistanla birgə çoxmillətli nominasiya olaraq təqdim edilmişdi. Xatırladaq ki, Göyçayda el ənənələri olan "Nar bayramı" festival şəklində ilk dəfə 2006-cı ildə rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə təşkil edilib. Qədim miniatür sənətimizin tarixi isə XII-XIII əsrlərə gedib çıxır.

Bununla da 2008-ci ildən başlayaraq UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs nümunələrimizin sayı 15-ə çatıb. Azərbaycan bunlardan 10 nümunəni fərdi olaraq, 4-nü çoxmillətli nominasiyada (Novruz bayramı, lavaş bişirmə və paylaşma mədəniyyəti, Dədə Qorqud dastanı irsi, miniatür sənəti), 1-ni isə İranla şərikli (kamançanın hazırlanması və ifaçılığı sənəti) UNESCO-ya təqdim edib.

Qeyd edək ki, bu il UNESCO Hökumətlərarası Komitəsinin 15-ci sessiyasına ümumilikdə 46 nominasiya təqdim edilmişdi. Müzakirələrdən sonra onlardan 32-si (29-u “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”ya, 3-ü “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya) qəbul edilib.

Beləliklə, hazırda (15-ci sessiyadan sonra) UNESCO-da 131 ölkənin ümumilikdə 584 qeyri-maddi mədəni irs nümunəsi (o cümlədən “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”da 67 nümunə) var. Fərəhli haldır ki, Azərbaycan ölkələr arasında nominasiya sayına görə ön sıralardadır.

UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs sayına görə birinci yerdə Çin Xalq Respublikasıdır – 42 nümunə (2-si Monqolustan və Malayziya ilə şərikli). İkinci sırada Fransa – 23 nümunə (9-u şərikli), üçüncü sırada isə Yaponiya – 22 nümunə (şəriksiz) yer alıb. Koreya Respublikasının bir neçəsi şərikli olmaqla 21, Türkiyə və İspaniyanın yenə bir qismi şərikli olmaqla 20 nümunəsi UNESCO-da qeydə alınıb. Cənub qonşumuz İranın siyahıda 16 nümunəsi var ki, onların da 4-ü çoxmillətli və ya bir ölkə ilə şərikli qeydə alınıb. Yeri gəlmişkən, 15-ci sessiyada İranın Azərbaycan, Türkiyə və Özbəkistanla birgə təqdim edilən miniatür sənəti nominasiyasından savayı Ermənistanla müştərək irəli sürdüyü nominasiya (İranın şimal-qərbində (Qərbi Azərbaycan əyaləti, Çaldıran bölgəsi) yerləşən Müqəddəs Faddey Həvari monastırına həcc ziyarəti) da qəbul olunub.

Builki sessiyada UNESCO-nun qeyri-mədəni irs üzrə reyestrinə 3 ölkə əlavə olunub: Finlandiya (sauna mədəniyyəti), Malta (milli kulinariya sənəti və yastı xəmir çörəyi mədəniyyəti) və Paraqvay (Guarani – əcdadlardan qalma içki mədəniyyəti) ilk dəfə öz adlarını bu siyahıya salmağa müvəffəq olublar.

15-ci sessiyanın diqqətçəkən nəticələrindən biri də 14 nümunənin çoxmillətli (şərikli) nominasiya kimi qəbul olunmasıdır ki, bu da qeyri-maddi mədəni irsin xalqları və  ölkələri bir araya gətirmək və beynəlxalq əməkdaşlığı təşviq etmək imkanlarına dəlalət edir.

Səudiyyə Ərəbistanı və Küveyt (Əl Sadun – bədəvi qadınlarını ənənəvi toxuculuq irsi),  İsveçrə və Fransa (mexaniki saat istehsalı və sənətkarlığı), Birləşmiş Ərəb Əmirlikləri və Oman (dəvə yarışı və dəvələrlə əlaqəli bayram irsi), Əlcəzair, Mavritaniya, Mərakeş, Tunis (kuskus (buğda yarması) istehsalı və kulinariyası), Fransa, Belçika, Lüksemburq, İtaliya (buynuz ifaçılarının musiqi sənəti), Qazaxıstan, Qırğızıstan, Türkiyə (torpaq üzərində çuxurlarda və ya xüsusi lövhələrdə ənənəvi zəka oyunu: togyzqumalaq, toguz korgool, mangala), Polşa və Belarus (ağac arıçılığı mədəniyyəti) və başqa ölkələr ortaq irslərini UNESCO siyahısına salmağa nail olublar.