Parisdə azərbaycanlı rəssamların sərgisi açılıb
Fransa paytaxtında Əməkdar rəssam Əsmər Nərimanbəyovanın təşkilatçılığı ilə azərbaycanlı rəssamların və yaradıcı insanların əsərlərindən ibarət sərgi keçirilib.
Parisin mərkəzindəki “Sakit səhərin gözəlliyi” qalereyasında təşkil edilmiş “Çiçəkli qızların kölgəsində” adlı sərgidə 25 müəllifin əl işləri nümayiş olunub.
Sərgidə rəsm əsərləri ilə bərabər milli ruhda hazırlanmış sənətkarlıq nümunələri də yer alıb. Armudu stəkanlar, milli ornamentli kəlağayılar, podnoslar, qadınlar üçün əl çantası sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb. Əsərlərin rəng ahəngdarlığı göz oxşayıb.
Azərbaycanın “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiyasının UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahı”sına daxil edildiyi bir vaxtda sərgiyə çıxarılan nar formasında şəkər qabı da maraqla qarşılanıb.
İki gün davam edən sərgidə Əsmər Nərimanbəyova, Sahib Əsədli, Zərifə Mirzəyeva, Vəfa Əfəndizadə, Rəna Əmrahova, Tofiq Ağayev-Nərimanbəyov, Cəmalə Rəhimli, Aysel Mirqasımova və başqa müəlliflərin əl işləri nümayiş olunub.