Ölkəmiz haqqında informasiyanı dünyaya çatdırmaq, gənc nəsli informasiya müharibəsində aktivliyini düzgün istiqamətləndirmək məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı onlayn vebinar keçirilib.

Akademiyanın prorektoru, Xalq artisti, professor Yeganə Axundova giris sözündə təhsil ocağının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını iştirakçılara çatdırıb və bu mövzunun aktuallığını qeyd edib.

BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynovanın moderatorluğu ilə keçən vebinarda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu “Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi", “Media məkanımıza müdaxilədə başlıca hədəflər” mövzularında çıxış edib. O, Vətən müharibəsi zamanı KİV-lərin fəaliyyətindən, beynəlxalq mediadan, Ali Baş Komandanın beynəlxalq media nümayəndələrinə verdiyi uğurlu müsahibələri və xalqa müraciətləri zamanı qətiyyətli, əhəmiyyətli çıxışlarından misal gətirərək, apardığımız informasiya müharibəsinin də zəfər qazandığımız bu savaşda önəmini vurğulayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Leyla Həmzəyeva 44 günlük Vətən müharibəsi zamanı diasporun xarici ölkələrlə qurulan əlaqələri, görülən işlərin hesabatı ilə çıxış edib və ona ünvanlanan sualları cavablandırıb.

Xarici işlər Nazirliyi nəzdində fəaliyyət göstərən "Diplomatiya könüllüləri" qrupunun rəhbəri Nigar Eyvazzadə mövzu ətrafında geniş söhbət açaraq, bu sahədə informasiya müharibəsində gənclərin və könüllülərin aktiv iştirakı metodları haqqında vebinar iştirakçılarını məlumatlandırıb.

Vebinarda BMA-nın professor-müəllim heyətindən Əməkdar incəsənət xadimi, prorektor, professor Gülnaz Abdullazadə, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, Xalq artisti, professor Zəhra Quliyeva, Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Adıgözəlov, professor Mina Hacıyeva, dosent Kəmalə Ələsgərli, dosent Xatirə Həsənzadə, laboratoriya müdiri, dosent Nuridə İsmayılzadə öz fikirlərini bölüşüblər.