Azərbaycan mədəniyyətinə itki üz verib. Teatr və kino aktrisası, respublikanın Əməkdar artisti Almaz Mustafayeva uzun sürən xəstəlikdən sonra dekabrın 26-da, 71 yaşında vəfat edib.

Almaz Əhməd qızı Mustafayeva 1949-cu il oktyabrın 1-də Ağdam şəhərində anadan olub. “Azərbaycanfilm” kinostudiyasının nəzdində kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.

Teatrda işlədiyi müddətdə Qaraca qız (“Qaraca qız”, S.S. Axundov, A.Şaiq), Bahar (“Ana laylası”, İ.Coşğun), Ramo (“Əlvida, Hindistan”, Q.Rəsulov), Əhməd (“Tamahkar”, S.S.Axundov), Aycan, Sevinc gülü (“Aycan”, X.Əlibəyli), Gəlincik (“Gəlincik”, A.Şaiq), Nazar (“Sirr”, A.Axundova), Qadın (“Ah, qadınlar, qadınlar”, M.Haqverdiyev), Xanım (“Yatmış gözəl” B.Marvin), Mariya Frantsova (“Çeburaşka”, E.Uspenski), Tortilla xala (“Buratinonun macəraları”, A.Tolstoy), Zümrüd (“Mən səni sevirəm”, Ə.Əmirli) və başqa obrazlara səhnə həyatı qazandırıb.

Aktrisa 1997-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Qızıl dərviş” mükafatı ilə təltif olunub.

Kinoda debütü 15 yaşında “Sehrli xalat” filmində edən A.Mustafayeva “Şir evdən getdi” və başqa filmlərdə də çəkilib, filmlərin səsləndirilməsində iştirak edib.

2013-cü il iyun ayının 25-də “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2014-cü ildə Dövlət Gənc Tamaşaçılar Teatrının Kalmık Milli Dram Teatrı ilə yaradıcılıq əlaqələrində fəal iştirakına görə Rusiya Federasiyası Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə mükafatlandırılıb.

Almaz Mustafayevanın əziz xatirəsi tamaşaçıların, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.