COVİD-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından etibarən kitabxanalar da fəaliyyətlərini onlayn müstəviyə keçirməyə məcbur oldu.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası il ərzində görkəmli ədiblər Nəriman Nərimanov və Əbdürrəhim bəy Haqverdiyevin 150, dahi bəstəkar Üzeyir Hacıbəylinin 135, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 110, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılov və Xalq artisti Həsən Seyidbəylinin 100, xalq şairləri Bəxtiyar Vahabzadənin 95, Fikrət Qocanın 85, Xalq artisti Tofiq Bakıxanovun 90 illiyi və başqa yubileylər münasibətilə, eləcə də Qarabağın incisi Şuşa haqqında elektron məlumat bazalarını, virtual kitab sərgilərini təqdim etdi.

Həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbəsinə həsr olunmuş elektron toplu hazırlandı.

Dekabr ayında Milli Kitabxanada ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi keçirildi. Guşədə ulu öndərin Milli Kitabxananı ilk ziyarətə gəldiyi zamanı öz şəxsi kitabxanasından hədiyyə etdiyi 300 nüsxə kitabla yanaşı, Heydər Əliyev haqqında kitablar, dahi siyasətçinin kitabxanada olarkən etdiyi çıxışların lent yazıları, fotoşəkillər təqdim olunur. Ümummilli liderin Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim” də guşədə nümayiş olunur.

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası da karantin səbəbindən fəaliyyətini onlayn şəkildə davam etdirərək müxtəlif məzmunlu virtual layihələrlə oxucuların görüşünə gəldi. “Dünya kitabxanalarını tanı” adlı onlayn aksiya, “Sevilənlər, sevənlər” rubrikası altında yazarlar, mədəniyyət xadimləri, həmçinin son iki ayda Vətən müharibəsi qaziləri ilə bağlı silsilə onlayn görüşlər təşkil olundu.

Kitabxananın “İnstagram” və “Facebook” sosial şəbəkə səhifələri üzərindən həyata keçirdiyi “Kitab səhifələrindən mavi ekrana” layihəsi maraqla qarşılandı. Kitabxananın əməkdaşları 44 günlük Vətən müharibəsi günlərində onlayn aksiyalarla, xarici dillərdə videoçarxlarla haqq işimizə dəstək göstərdi. “Haradan başlanır Vətən?” adlı yeni layihə çərçivəsində işğaldan azad edilən Cəbrayıl, Füzuli, Laçın, Şuşa, Ağdam və s. rayonlarımız haqqında videoçarxlar təqdim olundu.

***

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 2020-ci ili müxtəlif tədbir və layihələrlə, virtual təqdimatlarla başa vurdu. Karantin rejimi müddətində həyata keçirilən “Günəşdən gələn pay”, “Evdə qal, tək darıxma” layihələri oxucuların marağını cəlb etdi. Virus təhlükəsi ilə əlaqədar evdə qalan balaca oxucuların vaxtlarının səmərəli keçməsi üçün təşkil olunan layihədə tanınmış uşaq yazarları nağıl, hekayə, şeirlərini təqdim etdilər.

Respublika Uşaq Kitabxanası da Vətən müharibəsi dövründə vətənpərvərlik mövzulu virtual layihələr həyata keçirdi. “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı əsgərə məktub aksiyasında kitabxanaya 1000-ə qədər oxucudan məktublar daxil oldu.

***

İl ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin mərkəzi kitabxanaları və filialları, həmçinin regional mədəniyyət idarələrinin əhatə etdiyi kitabxanalarda da müxtəlif tədbirlər keçirildi. Əsasən virtual formatda gerçəkləşən tədbir və layihələr regional idarələrin saytında və sosial şəbəkə hesablarında oxuculara təqdim olundu.

Nurəddin MƏMMƏDLİ