Azərbaycan xalçalarının sehri və sirri mövzusunda onlayn görüş
Böyük Britaniyanın “Brooch Associates” MMC-sinin təşkilatçılığı ilə “Əsrlərdən gələn cazibə: Azərbaycan xalçalarındakı sehrin və sirrin açılması” mövzusunda onlayn görüş keçirilib. Görüş Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə virtual “Salon” (“Salons”) silsilə tədbirləri çərçivəsində reallaşıb.
Görüşdə ilk olaraq Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çoxəsrlik tarixə malik Azərbaycan xalçaçılıq sənəti, onun inkişafı, nadir, əsrarəngiz xalçalarımız və onların xüsusiyyətləri barədə çıxış edib. O, rəhbərlik etdiyi muzeyin yaranması, fəaliyyəti, ekspozisiyası, son illər onun kolleksiyasının zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Berlin İslam Əsərləri Muzeyinin xalça üzrə kuratoru Anna Maria Besselin bu muzeydə qorunub-saxlanılan Azərbaycana aid Şirvan xalçası, onun bərpası və tədqiqi haqqında ətraflı məlumat verib. Qeyd edək ki, həmin sənətkarlıq nümunəsinə bənzəyən XVII əsrə aid Şirvan xalçası Milli Xalça Muzeyinin kolleksiyasında da var.
İtaliyadan olan xalça eksperti və kolleksiyaçı Stefano İonesku isə çıxışı zamanı iştirakçılara muzeyə özünün və digər kolleksiyaçıların hədiyyə etdiyi Azərbaycan xalçaları barədə danışıb.
Sonda məruzəçilər görüş iştirakçılarının Azərbaycan xalçalarına dair suallarını cavablandırıblar.
Qeyd edək ki, beynəlxalq aparıcı araşdırma mərkəzləri, iş dünyası və mədəniyyət təşkilatlarının dəstəyi ilə keçirilən “Salon” vebinarlarının əsas məqsədi Azərbaycan haqqında hərtərəfli məlumatlılığın artırılması və hədəf kütlələri ölkənin turizminə töhfə verəcək sahələr barəsində məlumatlandırmaqdır.
Dövlət Turizm Agentliyi və ATB-nin təşəbbüsü ilə bu silsilədən “İpək Yolunda mədəniyyət, həyat tərzi və biznes: Qafqaz regionunda optimizm rəmzi olan müasir memarlığa diqqət” mövzulu daha bir vebinar dekabrın 17-də keçirilib. Asiya Şotlandiya İnstitutunun (Asia Scotland İnstitute) dəstəyi ilə təşkil olunan vebinarda Bakıdakı Heydər Əliyev Mərkəzinin dizayneri və “Zaha Hadid Architects” memarlıq şirkətinin əməkdaşı olmuş Saffet Kaya Bekiroğlu, “Haptic Architects”, “K2India” şirkətlərinin nümayəndələri spiker qismində iştirak ediblər.
Vebinarda Heydər Əliyev Mərkəzinin tikinti prosesi, unikal dizayn layihəsi, texniki xüsusiyyətləri, funksionallığı və mədəni və ictimai baxımdan əhəmiyyəti barədə müzakirələr aparılıb. Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin dizaynı ölkənin tarixi ənənələri ilə yanaşı gələcək inkişaf istiqamətlərini özündə əks etdirərək mərhum memar Zaha Hadidin ən mühüm memarlıq incilərindən biridir.
Tədbirdə həmçinin Bakı şəhərinin əsrlər boyu İpək Yolunun üzərində yerləşməsinin bir çox sahələr kimi ölkənin memarlıq sənətinə də təsir etdiyi vurğulanıb.