Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Qarabağın musiqi xəzinəsi” layihəsi davam edir. Layihənin növbəti təqdimatı Məşədi Məmməd Fərzəliyevə həsr olunub.
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub. Musiqi təhsilini Şuşada, ustad xanəndə Xarrat Qulunun məktəbində alıb. O, gənc yaşlarından Şuşanı tərk edib, bir müddət Gəncədə, sonralar Tbilisi, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşayıb, xanəndəlik edib və tanınıb.
Məşədi Məmməd “Şüştər” muğamının ustası kimi daha məşhur olub. 1923-cü ildə tarzən, bəstəkar Məşədi Cəmil Əmirov (Fikrət Əmirovun atası) tərəfindən Gəncəyə dəvət edilən xanəndə şəhərdəki musiqi məktəbində muğamatdan dərs deməyə başlayır. 1929-cu ildə Məşədi Məmməd Fərzəliyev yenidən xaricə qastrol səfərinə çıxıb və bu dəfə geri qayıtmayıb. Uzun illər Türkiyənin İstanbul şəhərində yaşayıb və 1962-ci ildə dünyasını dəyişib.
BMM “Unudulmayanlar” layihəsi çərçivəsində xanəndənin Türkiyənin İstanbul şəhərində yeri naməlum olan məzarının və arxivinin axtarışlarına başlanılıb. Məlum olub ki, xanəndə Türkiyədə Məşədi Məhəmməd Fərzəliyev deyil, Mehmet Ferzalı adı ilə “Azəri muzik heyəti”nin rəhbəri kimi fəaliyyət göstərib. Axtarışlar nəticəsində həmçinin xanəndənin ifasında 3 lent yazısı aşkarlanıb. Hazırda axtarışlar davam etməkdədir.