Yazıçı Cavid Zeynallının "Şükriyyə" adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin "Şükriyyə", "Tanrı quşu gəlmədi", "Ölümə gedən" pyesləri, "Sergi ata" (L.Tolstoy), "Varavva" (P.Lagerkvist), "Əsirin qayıtması" (A.Morua) və "Cəmilə" (Ç.Aytmatov) əsərlərinin səhnələşdirmələri yer alıb.
"Mücrü" nəşriyyatında çap olunan kitabın redaktoru Həmidə Nizamiqızı, naşiri Müşfiq Xandır.
Cavid Zeynallı bildirib ki, kitabı Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanıma vəfa borcu sayır: "Şükriyyə xanımın həyatını dərindən araşdırandan sonra onun faciəsinin sənət həllini məhz səhnədə təsəvvür elədim. Əlbəttə, gələcəkdə bu material əsasında ssenari də yazmaq olar. Şükriyyə xanım Azərbaycan qadınlığının ləyaqət simvoludur və inanıram ki, bu pyes əsasında hazırlanan tamaşanı səhnədə görə biləcəyik”.
Müəllif qeyd edib ki, "Ölümə gedən" birpərdəli pyesi Mədəniyyət Nazirliyinin dramaturgiya müsabiqəsinin qalibi olub. "Tanrı quşu gəlmədi" pyesi isə keçmişinin əzablarını çəkən insanın faciəsi haqqındadır.
Kitabda dünya ədəbiyyatının dörd məşhur əsərinin səhnələşdirməsi yer alıb. “Bunlar mənim çox sevdiyim əsərlərdir. Açığı, səhnələşdirmələrin pyeslərlə bərabər bir kitabda çap olunmasına tərəddüd edirdim, amma dostlarla məsləhətləşəndən sonra tərəddüdə yer qalmadı. İnanıram ki, həm pyeslər, həm də səhnələşdirmələr rejissorların diqqətini çəkəcək", – deyə Cavid Zeynallı bildirib.