Yanvarın 6-da Ankarada böyük qazax şairi və mütəfəkkirinin şərəfinə Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY tərəfindən elan edilən “2020 – Abay Kunanbayevi anma ili” çərçivəsində hazırlanan “Abayı oxumaq” bədii albomunun təqdimat mərasimi keçirilib. Sənət albomunda Abayın hikmətli sözləri ilə yanaşı türk dünyası rəssamlarının onun əsərlərinə çəkdikləri illüstrasiyalar yer alıb.
TÜRKSOY-un qərargahında keçirilən tədbirdə xatirə ili çərçivəsində Abay irsinin tanıdılmasında əməyi keçən insanlara “Abay” medalının təqdimatı da olub.
Qurumun baş katibi Dusen Kaseinov 2020-ci ildə Abay Kunanbayevin anadan olmasının 175 iliyi münasibətilə silsilə tədbirlərin təşkil edildiyini və bu tədbirlərin verdiyi ilhamla 2020-ci ildən sonra da Abay irsinin yaşadılacağına inandığını söyləyib. “Abayın fikirləri hər zaman hamımız üçün mənəvi bir xəzinədir” deyən Kaseinov xatirə ili çərçivəsində dünyanın bir sıra ölkələrində də tədbirlərin keçirildiyini bildirib.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışında Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qazax xalqına xitabən dediyi "xalqımızın güclü olduğunu, böyüdüyünü və inkişafını istəyən hər vətəndaş Abayı oxusun, Abayı dinləsin" ifadələrini xatırladıb. Y.Topçu 2020-ci ili "Abay Kunanbay anma ili" elan edərək mütəfəkkirin daha yaxşı tanınmasına kömək etdiyinə və onu "Abay” medalına layiq gördüyünə görə TÜRKSOY-a təşəkkür edib.
Qazaxıstanın Ankaradakı səfiri Abzal Saparbekuli çıxışında tarix, mədəniyyət, dil və din birliyinin əsrlər boyu bir birindən ayrı alan türklərin yaxınlaşmasında mühüm rol oynadığını vurğulayıb. 2020-ci ildə 175-ci ildönümü qeyd olunan Abay Kunanbayevin Qazaxıstan və Türk dünyası üçün əhəmiyyətindən də bəhs edən səfir deyib: “Abay qazax milli kimliyi ilə eyniləşdirilir. Əslində, Abayı tanımaqla özümüzü tanıyırıq və milli kimliyimizi qoruyuruq”.
Çıxışlardan sonra "Abayı oxumaq" bədii albomu iştirakçılara təqdim edilib. Həmçinin TÜRKSOY-un “Abay” xatirə medalına layiq görülənlər təltif olunublar.
Mehparə SULTANOVA