Uxan şəhərində muzey yaradılıb

Çinin Hubey vilayətinin inzibati mərkəzi olan Uxan şəhərində COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunan xüsusi muzey yaradılıb.

Muzeydə Çində, xüsusən də virusun ilk ortaya çıxdığı və ən çox yayıldığı Uxan şəhərində COVİD-19 böhranı ilə mübarizənin necə təşkil olunmasını əks etdirən eksponatlar – fotoşəkillər, videomateriallar, interaktiv bölmə, virtual reallıq texnologiyasına əsaslanan eksponatlar nümayiş olunur. Eksponatlar arasında tibb işçilərinin geyimləri, müalicə dərmanları və avadanlığı, COVİD-19 pasiyentlərinin şəxsi əşyaları, onların tibb işçilərinə yazdığı təşəkkür məktubları, 76 günlük tam karantin rejimi günlərində evdə qalmağa məcbur olan sakinlərin gündəlik həyatını təsvir edən əşyalar, şəkillər də var.

Ümumilikdə 21 bölmədən ibarət olan sərgidə xəstələrin yerləşdirilməsi üçün bir neçə gün ərzində inşa olunmuş mobil xəstəxanaların, idman arenalarında, sərgi mərkəzlərində yaradılan müvəqqəti təcrid yerlərinin maketi, təcili tibbi yardım avtomobilləri, sərt karantin günlərində sakinlərə və səhiyyə qurumlarına kömək etmiş könüllülərin fəaliyyətinə aid eksponatlar da təqdim olunur.