Yanvarın 7-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev ilə videoformatda görüş keçirib.

Görüş zamanı gələcək əməkdaşlıq və birgə layihələr barədə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ölkə rəhbərliyinin müəyyən etdiyi istiqamətlər üzrə görüləcək işlərlə bağlı müzakirə aparılıb.

Anar Kərimov işğaldan azad edilmiş ərazilərdə mədəni həyatın dirçəldilməsi məqsədilə nazirlik tərəfindən bir neçə prioritet istiqamətlər üzrə iş aparılmasının nəzərdə tutulduğunu və bir neçə layihəyə başlanıldığını bildirib. Bu xüsusda tarixi abidələrin və mədəniyyət müəssisələrinin bərpası, Qarabağdan olan əhalinin adət-ənənələrinin bərpası (“Yurda qayıdış” layihəsi) və Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıdışının beynəlxalq səviyyədə təbliği qeyd edilib. Həmçinin nazirlik tərəfindən həyata keçirilən “Qarabağnamə” layihəsinin ictimaiyyət tərəfindən xüsusi maraqla qarşılandığı vurğulanıb.

Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən digər layihələr barədə də məlumat verilib.

Tural Gəncəliyev ictimai birlik və nazirlik arasında əməkdaşlıq haqqında danışıb, qarşılıqlı əlaqələrin genişləndirilməsinin və birgə layihələrin icrasının əhəmiyyətini qeyd edib.

Sonda Vətənimiz üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə ölkə rəhbərliyi tərəfindən müəyyən edilən tapşırıqların Mədəniyyət Nazirliyi və Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin iştirakı ilə yüksək səviyyədə yerinə yetiriləcəyinə inam ifadə edilib.