Ədəbiyyatşünaslıq elmimizin inkişafına töhfələr vermiş dəyərli alimlərimizdən biri də AMEA-nın müxbir üzvü, professor Əliyar Səfərli olub. XVII-XVIII əsrlərdə yaşayıb-yaradan bir çox Azərbaycan şairlərinin yaradıcılığı məhz görkəmli alimin tədqiqatları sayəsində elmi dəyərini tapıb. O, eyni zamanda klassik epik şeirin poetikası və sənətkarlıq xüsusiyyətlərini də nəzəri cəhətdən şərh edib.

Əliyar Qurbanəli oğlu Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabat kən-dində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ordubad şəhər Pedaqoji Məktəbinə qəbul olunur. 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsil alır.

Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətinə başlayır. Azərbaycan klassik ədəbiyyatının az öyrənilən və qaranlıq qatlarına işıq tutmağa çalışır. Məsihi və onun “Vərqa və Gülşa” poeması mövzusunda 1966-cı ildə namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edir. Azərbaycan elmi ictimaiyyəti bu böyük sənətkarı ilk dəfə Əliyar Səfərlinin monoqrafiyası və məqalələri sayəsində tanıyır.

Ədəbiyyatşünas alim 1968-ci ildə BDU-da pedaqoji fəaliyyətə başlayır. 1971-ci ildə tərcüməçi kimi Əfqanıstana gedir. 1973-cü ildə vətənə dönür. Universitetdə müəllimlik fəaliyyətini davam etdirir. 1983-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan epik şeiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu tədqiqat yalnız adları elmə məlum olan və əsərləri ancaq əlyazma şəklində qalan onlarla şairin həyat və yaradıcılığına işıq tutur.

Əliyar Səfərli Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri olarkən fundamental elmi tədqiqatların ortaya çıxmasına rəhbərlik edir. 1989-cu ildə Azərbaycan EA-nın müxbir üzvü seçilir. 

Aydındır ki, klassik ədəbiyyatla maraqlananlar, araşdırma aparmaq arzusunda olan alimlər fars və ərəb dillərini mükəmməl bilməlidir. Əlyazmalar İnstitutunda, arxivlərdə işləməyi və müstəqil fikir söyləməyi bacarmalıdır. Əliyar Səfərli çox gənc ikən buna müvəffəq olur. İlk tədqiqat əsəri XVI-XVII əsrlərdə yaşamış “Vərqa və Gülşa” poemasının müəllifi Məsihidən sonra şairin İsfahan şəhərindəki “Fərhəng” kitabxanasında saxlanılan şeir divanını aşkar edir. Əsər 1998-ci ildə Tehranda ərəb qrafikalı Azərbaycan əlifbası ilə işıq üzü görür. Əliyar Səfərli Məsihi divanındakı qəzəlləri, rübai və məsnəviləri təhlil edir. Göstərdiyi misallarla Orta əsr şeirinin bədii təsvir vasitələri, poetik ifadə çalarlarının tükənməz olduğunu bildirir:

Qara libasda nazik tənin ki, pünhandır,
Nəhan olan zülmət içrə abi-heyvandır.

Alim bu misralar haqqında yazır: “Məsihi qara libas geyinib, nazik, incə bədənini örtən gözəlin qara libasa bürünməsini dirilik suyunun zülmətdə qaranlıqlar içərisində gizlənilməsinə bənzədir. Məsihi qəzəldə qara zülmət, gecə, qara paltar, göz bəbəyinin qaranlığı kimi söz və ifadələri işlətməklə bu qaranlıqların fonunda sevgilinin günəş kimi parlayan surətini yaradaraq, təzadlardan istifadə etmişdir”.

Əliyar Səfərlinin professor Xəlil Yusifli ilə birgə hazırladığı “Azərbaycan ədəbiyyatı tarixi (Qədim və Orta əsrlər)” dərsliyi uzun illərdir ali təhsil ocaqlarında dərslik kimi istifadə olunur. Dərslikdə yer alan “Kitabi-Dədə Qorqud”, “Dastani-Əhməd Hərami”, “Qazi Bürhanəddin”, “İmadəddin Nəsimi”, “Məhəmməd Füzuli”, “Fədai”, “Əmani”, “Məsihi”, “Qövsi Təbrizi”, “Saib Təbrizi”, “XVII-XVIII əsrlər ədəbiyyatı”, “Molla Vəli Vidadi”, “Molla Pənah Vaqif” və s. elmi oçerklər Əliyar Səfərli tərəfindən yazılıb.

Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli görkəmli alimlə bağlı məqaləsində yazır: “Əliyar müəllimin elmi oçerkləri içərisində ən çox bəyəndiyim və dönə-dönə oxuyub faydalandığım Məhəmməd Füzuli haqqında yazdığıdır. Doğrudur, Əliyar müəllim “Həmid Araslı yolu”nu seçir. Füzulinin həyatı, sənət yolu, mühiti və ayrı-ayrı janrlar üzrə təhlilini bizə təqdim edir, amma heç kimi təkrar etmir, Füzuli haqqında öz sözünü deyir. Xüsusilə, Füzulinin qəsidələri, qitə və rübailəri haqqında təzə, həm də son dərəcə maraqlı fikir və mülahizələri ilə qarşılaşırıq. Bu fikri “Leyli və Məcnun”, “Füzulinin nəsri” bölmələrində də hiss edirik...”.

Onu da deyək ki, professor Əliyar Səfərli 1994-1998-ci illərdə ölkəmizin İranda səfiri olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində işləyib, 2002-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətini davam etdirib.

Görkəmli ədəbiyyatşünas alim və fədakar mətnşünas Əliyar Səfərli 4 yanvar 2017-ci ildə vəfat edib. Onun kitabları, elmi məqalələri klassik ədəbi irsimizi öyrənənlər üçün qiymətli mənbədir.  

Savalan FƏRƏCOV