2021-ci il Azərbaycanda Nizami sözünün işığında keçəcək. “Nizami Gəncəvi İli” qüdrətli söz ustadının misilsiz bir xəzinə olan ədəbi irsinin təbliği, geniş kütlələrə tanıdılması və təbii ki, bir daha tədqiq edilməsi və öyrənilməsi üçün yeni bir zəmin olacaq.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamında vurğulandığı kimi, dahi şair və mütəfəkkir bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Gəncədə yaşayan şair burada Şərq və ümumilikdə dünya fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini ərsəyə gətirib. Nizaminin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. “Xəmsə”yə daxil olan beş poema-məsnəvidə dövrün və əslində bütün zamanların ən humanist, ümumbəşəri ictimai, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.

Bu sayımızdan etibarən biz də qəzetimizin səhifələrində Nizaminin bu möhtəşəm beşliyindən seçmələri “Nizami sözündən incilər” başlığı altında təqdim edəcəyik. Hər misra-beytin sonunda onun hansı əsərdən götürüldüyü qeyd olunacaq.

Bəri başdan onu da bildirək ki, Nizami şeriyyətindən seçmələri Azərbaycan Milli Kitabxanasının elektron resurslarından yararlanmaqla oxuculara təqdim edəcəyik və buna görə kitabxananın kollektivinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Dünyanın işini yaxşı düşün sən,
Nə əksən onu da sən biçəcəksən.
Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.

(“Xosrov və Şirin”)

Sənətin bayraqdarı ucalar kainatda,
Aydan da, günəşdən də öc alar kainatda.

(“Sirlər xəzinəsi”)

Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurub qüvvəni göstər.
Lakin silah töksə qarşında düşmən,
O miskin düşmənlə gəl vuruşma sən.

(“Leyli və Məcnun”)

Ovcumun içində olsa da yenə
Dikmərəm gözümü özgə mülkünə.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Çox gözəl olsa da eybi gizləmək,
Dost dostun eybini örtməsin gərək.

(“Leyli və Məcnun”)

Ciddiyyət gözləmək yüngül adamdan,
Gövhər istəməkdir arpa satandan.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Birlikdən yaranıb zəfər döyüşdə,
Dostların birliyi gərək hər işdə.

(“İsgəndərnamə” – “Şərəfnamə”)

Hər kəs zor göstərsə işində əgər,
İşinin nizamı pozulub gedər.

(“Yeddi gözəl”)

Həyasız adama qarşı sərt rəftar
Yumşaq davranmaqdan faydalı olar.

(“İsgəndərnamə” – “İqbalnamə”)

Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
Sən də əldən düşüb yorulsan əgər,
Sənin də yükünü bütün el çəkər.

(“Leyli və Məcnun”)