Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin çəkdiyi “Mərakeşdə bir səhnə” (“Scene at Marrakech”) rəsm əsəri “Christie’s” hərrac evində 500 min funt-sterliq dəyərində (674 min dollar) satışa çıxarılıb.
Məlumatda qeyd olunur ki, müəllifin ingilis feldmarşalı Bernard Montqomeriyə (1887-1976) bağışladığı tablo (1935) ilk dəfə hərraca çıxarılır. Çörçillin bu əsəri onun 1930-cu illərdə çəkdiyi ən yaxşı rəsmlər sırasında yer alır.
Uinston Çörçill 1935-ci ildə ilk dəfə Mərakeşi ziyarət edərkən bu Afrika ölkəsinin mənzərələrindən heyrətə gəlib. Sonradan o, hərbi əməliyyat xatirələrini yaddaşında yeniləmək və rəssamlığa yer ayırmaq üçün burada bir neçə dəfə olub. Vaxtilə onun “Mərakeşin Tinxenir şəhərinin görünüşü” adlı tablosu “Sotheby’s” hərrac evində 612 min funt-sterliqə satılıb.
Qeyd edək ki, Uinston Çörçill rəssamlığa 40 yaşdan sonra maraq göstərməyə başlayıb və həyatı boyu 500-dən çox rəsm əsəri çəkib. Əl işlərinin çox hissəsi şəxsi kolleksiyalardadır.