Məleykə Abbaszadə: “Çalışacağıq ki, bu il qəbul imtahanları 2 dəfə keçirilsin”

“Yanvarın 18-nə qədər imtahan tarixləri haqqında fikir söyləyə bilmərəm, bizim işçilərin də 30 faizi iş yerindədir. Digərləri onlayn rejimdə çalışırlar. Bu halda heç bir təşkilat kütləvi imtahan keçirə bilməz, 3 saatlıq icazə var evdən çıxmaq üçün”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu barədə  imtahanlarda fərqlənmiş nəzarətçi müəllimlər və imtahan rəhbərləri ilə onlayn görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yanvarın 18-dən (sərt karantin rejiminin davam edib-etməyəcəyi aydınlaşandan – red.) sonra təxmini tarixləri demək mümkündür: “Daha əvvəl isə imtahan ardıcıllığını elan edəcəyik. Sonra isə tarixlər müəyyənləşəcək, bu, bizdən asılı deyil, tarix pandemiya şərtlərindən asılıdır ki, yoluxma səviyyəsi necə olacaq, kütləvi imtahan keçirmək mümkün olar, ya yox. Amma hər bir təklifimizi hazırlayıb hökumətə təqdim edirik ki, bizə icazə verilsin. Bir dəyişiklik o olacaq ki, bu il də IX siniflər yalnız bir mərhələdə imtahan verəcək. İmtahan strukturu elan olunub, xüsusi jurnal da çap edilib”.

“İstəyirik ki, magistratura imtahanları ilə bağlı sənəd qəbulunu yanvarın 30-na qədər başlayaq. Bu da karantin rejimi ilə bağlı qərardan asılıdır”, – deyə Məleykə Abbaszadə əlavə edib.

DİM rəhbərinin sözlərinə görə, magistratura imtahanı bir mərhələli olacaq: “İmtahanın fevral ayında keçirilməsi üçün tələsmək lazım deyil, amma həmişə çalışırıq ki, bu imtahanı bir az tez keçirək ki, buraxılış və qəbul imtahanına vaxt qalsın”.

Məleykə Abbaszadə bildirib ki, qəbul imtahanını 2 dəfə keçirirdik, amma keçən il belə imkanımız olmadı: “Bu, bizim istəyimiz deyildi, pandemiya ilə əlaqədar belə oldu. Mart ayından imkan olsa, ola bilsin ki, yenə də iki mərhələdə – həm yaz, həm yay sessiyası keçirək. Aprel-mayda həmin ilin məzunları tam hazır olmur, çalışacağıq ki, bu il qəbul imtahanları 2 dəfə keçirilsin. Bu cədvəli imtahan ardıcıllığını müəyyən edəndən, müxtəlif dövlət orqanları ilə razılaşdırandan sonra elan edə bilərik. Keçən il müəyyən imtahanlarla bağlı razılıq verilmişdi, sonra vəziyyətlə əlaqədar imtahan keçirə bilmədik. Ona görə tam məlumat olandan sonra həmin tarixləri açıqlayacağıq”.

Məleykə Abbaszadə onu da diqqətə çatdırıb ki, tarix fənnindən qəbul imtahanlarının proqramına Vətən müharibəsindən də suallar daxil ediləcək: “Vətən müharibəsi ilə bağlı “Abituriyent” jurnalında müəyyən məqalələr çap edəcəyik ki, imtahanlarda iştirak edən hər bir şəxs faktları həmin məqalələrdən istifadə etsin”.