Nələr gördüm, nələr duydum...

Azərbaycan tarixən müxtəlif faciələrlə, fəlakətlərlə üz-üzə qalmışdır. Lakin cəngavər Vətən övladları bütün bu fəlakətləri, faciələri böyük mərdliklə, qəhrəmanlıqla dəf edərək doğma Azərbaycanımızı bu günümüzə qədər gətirib çıxarmışlar. Doğma Azərbaycanımız da cəsur, mərd oğullarımızın adı ilə hər zaman fəxr etmiş, onların adlarını daim uca tutmuşdur.

XX əsr də bir çox gözəl illər kimi yaddaşımıza həkk olunsa da, faciəli, fəlakətli hadisələrlə də qarşılaşmalı olmuşuq. Əsrin əvvəllərində mart soyqırımı, əsrin sonlarında 20 Yanvar faciəsi, Xocalı soyqırımı isə Azərbaycan tarixinin ən qanlı səhifələrinə çevrildi. Azərbaycan oğulları bu faciələrə də böyük mərdliklə sinə gərərək şəhidlik zirvəsinə ucaldılar. Onların dəfn olunduqları məkanlar xalqımızın and yerinə çevrildi.

Şəhidlər xiyabanı. İstər uşaq olsun, istərsə də böyük – fərqi yoxdur, bura hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs yer, müqəddəs məbədgahdır. Çünki burada uyuyan hər bir Azərbaycan övladının qanı öz vətəninin, öz torpağının, öz xalqının azadlığı uğrunda axıdılıb.

Mən 1990-cı ildə Bakı şəhərində təhsil alarkən tələbə yoldaşlarımla bir neçə dəfə Şəhidlər xiyabanına getdim. Bundan sonrakı illərdə də paytaxtda olarkən bu məkana getmiş, qəlbi dağlı anaların ürək parçalayan fəryadlarını, iniltilərini eşitmişəm. Qayınata-qayınanalarının yanında qısılıb için-için ağlayan ismətli gəlinlərimizi görmüşəm. Bir anlıq mənə elə gəlirdi ki, paklıq rəmzləri hesab edilən bu gəlinlər öz həyat yoldaşlarının məzarları üzərinə əyilib hıçqırıqlar içərisində “Arxayın yat, mən sənin adına layiq övlad böyüdəyəcəyəm” söyləyirdilər. Şəhidlər xiyabanında şəhid övladları gördüm. Hələ həyatda bərkə-boşa düşməyən bu uşaqlar öz atalarının məzarlarına böyük fəxrlə baxırdılar.

Bu qiymətli torpağın hər qarışını göz bəbəyi kimi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu torpaq ona görə müqəddəsdir ki, o, günahsız insanların qanı ilə suvarılmışdır...

***

Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada Şəhidlər xiyabanı olmasın. Bəli, Azərbaycan xalqının öz igid oğulları ilə fəxr etməyə haqqı var...

Kürdəmirin mədəniyyət işçiləri ilə birlikdə rayonumuzdakı Şəhidlər xiyabanına getmişdik. Bu məkana çatmamış bir neçə ananın fəryadlarını, ağılarını, laylalarını eşitdim. Nədənsə, bir ananın səsi məni daha çox silkələdi. Elə bildim ağır bir yük altına düşdüm. Oradakı bütün şəhid məzarlarını ziyarət etdik. Sonra isə mən, heç bilmirəm nə üçünsə, gəlib bayaq səsi mənə ox kimi batan ananın yanında dayandım. Analar öz oğullarının daşa döyülmüş şəkillərini qucaqlayıb onları oxşayır, ağılar deyir, laylalar söyləyirdilər. Heç kəs anaların ürək parçalayan bu səslərinin qarşısında bir söz deməyə cəsarət etmirdi sanki. Onlar hönkürtülərini içlərində boğa-boğa, yanıqlı-yanıqlı ağlayaraq anaların fəryadlarına, iniltilərinə cavab verirdilər.

Mən göz yaşları içərisində dayanıb məzar daşlarına və bir də bu məzarlar qarşısında qan-yaş tökən analara baxıb fikrə daldım. Düşündüm ki, insan dünyaya gələndə ona laylalar çalınır. Həyatın nə olduğunu bilməyən, sözün, cümlənin mənasını başa düşməyən körpələr laylaların sehrli aləminə düşərək xumarlanır və bu sehrkar aləmdə yuxuya gedirlər. Dünyadan köçən insanlar üçün də laylalar çalınır. Kim bilir, bəlkə də dünyadan köçən insanlar da bu sehrli aləmdə, yəni laylalar aləmində rahat uyuyurlar.

Yanında dayandığım ana zərif əllərini oğlunun məzarına tərəf uzadıb hey ağlayır, ağlayırdı. Şəkildən boylanan oğul isə sanki gülümsəyən siması ilə anasına baxıb deyirdi: “Mən belə etməyə bilməzdim, ay ana. Çünki mən sənin insanları mərdliyə, cəsarətə səsləyən laylalarını, bayatılarını eşidə-eşidə, onları dinləyə-dinləyə, onlardan qidalanaraq böyümüşəm. Buna görə də mənim mayam qəhrəmanlıqdan, mərdlikdən yoğrulub. Sən məni belə böyütmüsən, ay ana”. 

Çevrilib yenidən səsi ürək yandıran, qəlb titrədən anaya baxdım. Mənə elə gəldi ki, payız leysanıtək yaş tökən bu gözlərdə bir inam, bir rahatlıq var idi. Bu ananın timsalında bütün şəhid analarının obrazı canlandı gözlərim qarşısında. Mənə elə gəldi ki, bu anaların vüqarı, əzəməti qarşısında heç kəs, heç nə tab gətirə bilməz. Bu vüqar, bu əzəmət qarşısında hər şey acizdir. Bu analar həmin analardır ki, oğullarını ordu sıralarına yola salarkən “Get, yolun uğurlu olsun! Əgər qorxsan, Vətənə xəyanət etsən, südümü sənə halal etmərəm!” söyləyirlər. Bu analar həmin analardır ki, min bir əziyyətlə, gözlərinin yağı, ürəklərinin təpəri ilə böyütdükləri oğullarını Vətən üçün böyüdürlər. Bəlkə də elə buna görədir ki, tankların, topların qarşısında sinələrini sipər edən, heç nədən qorxmayan igidlər bir ana örpəyi qarşısında baş əyirlər. Bu örpəyi dünyanın ən müqəddəslərindən hesab etdikləri üçün onu heç vaxt ayaqlamır, qarşısında diz çökür, ona səcdə edirlər, onu hər şeydən uca tuturlar. Mənə elə gəlir ki, ana adının müqəddəsliyi də məhz bundadır. Buna görə də hər zaman ana adı ilə Vətən adı qoşa çəkilir. O yerdə ki, ana örpəyi var, orada yazılmamış müqəddəs bir Qanun var, onu taptalayıb keçməyə heç bir övlad özündə güc, qüvvə tapa bilməz. Mən uşaqlıqdan indiyə qədər heç bir yazılarda deyil, insan qəlbində olan bu Qanunu çox sevmişəm və bu gün də yüksək dəyərləndirirəm...

Şəhidlər xiyabanından ayrılarkən əyilib bu ananın dağ zirvəsində qarı xatırladan ağ saçlarından və bir də vüqarlı alnından öpmək istədim, amma cəsarət etmədim. Ona görə cəsarət etmədim ki, mən o anaları göylərdən yerə göndərilmiş, saflıqdan, paklıqdan yoğrulmuş müqəddəs, toxunulmaz bir varlıqlar hesab edirəm. Buna görə də dayanıb hey baxdım, baxdım...

Biz Şəhidlər xiyabanında kədər, göz yaşları ilə qarşılaşsaq da, özümüzlə çox şeylər aparmalı olduq. Hər gəlişimizdə bu müqəddəs ocaq yaddaşımızda unudulmaz iz qoyur.

Biz geri qayıdarkən mən bir daha çevrilib bu müqəddəs yerə boylandım. Fikirləşdim ki, bu cür anaları və bir də bu cür oğulları olan torpaqda yaşamağa dəyər...

***

1990-cı ilin 20 Yanvar faciəsindən 31 il keçir. Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən vətənsevər oğul və qızlarımız imperializmin ağır çəkici altında əzilmədilər. Milli azadlıq eşqinin verdiyi sarsılmaz qüvvə ilə sovet tanklarının qarşısında dayandılar. Ölümün gözünə dik baxdılar, şəhadətə qovuşdular. 20 Yanvar şəhidləri öz qanları ilə şanlı bayrağımızı əngin Vətən səmasına ucaltdılar.

Ötən ilin 27 sentyabr-10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimiz müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzü bərpa etdi. Bu gün arzularımızın şəhəri, mədəniyyət beşiyi Şuşada üçrəngli bayrağımız dalğalanır.

Azərbaycan Ordusu haqqı olanı istədi və onu aldı. Necə ki, 1990-cı ilin 20 yanvarında Vətən övladları canları bahasına istəyinə nail olmuşdu. O zaman azadlıq inadımızla 70 illik imperiya qandalını qırıb atdıq, müstəqilliyimizə qovuşduq.

44 günlük Vətən müharibəsində şanlı Qələbəmiz, Ali Baş Komandanımızın da dediyi kimi, igid əsgər və zabitlərimizin canı-qanı bahasına əldə olundu. Minlərlə can qurban oldu ki, müqəddəs Vətən torpağı yağı əsarətindən qurtulsun. Yenidən Ana torpaq şəhid qanları ilə suvarıldı. Şəhidlər xiyabanları qırmızıya boyandı... Şəhidlərimizin başımız üzərindəki müqəddəs ruhları qanadlı mələyə çevrilib böyük sevgi ilə dolanır azad olan torpaqlarımızda. Ruhları şad olsun.

Məryəm ƏLİYEVA
Kürdəmir rayon MKS-nin baş biblioqrafı