“Qarabağ hekayələri” kitab qırğız dilində çap olunub. Kitabın tərtibçiləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) əlaqələndiricisi, şair-tərcüməçi Altınbek İsmayıldır.

Kitabda Azərbaycan yazıçılarının 14 hekayəsi toplanıb. Kitabın baş redaktoru və ön sözün müəllifi Qırğız Milli Yazıçılar Birliyinin sədri, şair-tərcüməçi Nurlan Kalıbekov, təqdim yazısının müəllifi Qənirə Paşayevadır.

İki cilddə nəzərdə tutulmuş nəşrin redaksiya heyətinə Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucov, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Qırğız Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov və başqaları daxildir. Kitabı qırğızcaya tanınmış yeni nəsil şair-tərcüməçilər Bekbolat Sarıbay, Jıldızbek Tursunbay, Joldubek Kaçkınbaev, Kanıbek Umurzakov və Altınbek İsmail uyğunlaşdırıb. Kitabın rəssamı Samat Asılkerimovdur.

Təqdimatda çıxış edən kitabın tərcüməçiləri və redaktorları nəşrin çapa hazırlanması prosesində hekayələri həyəcansız oxuya bilmədiklərini dilə gətiriblər. Vurğulayıblar ki, bu hekayələrin qırğız dilində nəşr olunması Azərbaycan haqqında, özəlliklə də son 30 ildə Qarabağda baş verən hadisələrin Qırğızıstan vətəndaşları tərəfindən daha aydın başa düşülməsinə yardım edəcək.

Milli Məclisin deputatı Cavanşir Feyziyev bu kitabın çap olunmasına rəhbərlik etdiyinə görə Qırğız Milli Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekova Azərbaycan xalqı adından minnətdarlığını bildirib. O, 2019-cu ildə qırğız yazarlarının Bakıya səfərini xatırladaraq, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qırğız söz adamlarını artıq işğaldan azad olunmuş Qarabağa səfər etməyə dəvət edib.