Azərbaycan xalqının mübarizlik, milli hüzn və şərəf tarixi olan 20 Yanvarı yaddaşlara həkk edən sənət əsərlərindən biri də Bakının Yasamal rayonunda, 20 Yanvar meydanında ucaldılan memorial kompleksdir. Xatirə kompleksinin inşasına 2009-cu ilin oktyabrında başlanıb, 2010-cu ilin 20 yanvarında açılışı keçirilib.
Kompleksin mərkəzində hündürlüyü postamentlə birlikdə 8 metr olan əzəmətli abidə ucaldılıb. Memarı Ədalət Məmmədov, heykəltəraşları Azad Əliyev və Cavanşir Dadaşov olan kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı, habelə ulu öndər Heydər Əliyevin “1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur” sözləri həkk edilib.
Təsadüfə bax ki, memorial kompleksin müəlliflərindən biri Azad Əliyev də 20 yanvarda anadan olub. 65 yaşı tamam olan heykəltəraşın 20 Yanvarın 31-ci ildönümü ərəfəsində həyat və sənət barədə düşüncələrini dinləmək istədik...
Əməkdar rəssam, heykəltəraş Azad Əliyevlə ilk tanışlığım 2013-cü ilə təsadüf edir. Xalq rəssamı Arif Hüseynovla 70 illik yubileyi ərəfəsində emalatxanasında görüşməli idik. Binanın qarşısında məni qarşıladı və dedi ki, əvvəl gəl gedək səni Azad Əliyevlə tanış edim, çox maraqlı heykəllərin müəllifidir. Həmin gün onun emalatxanasında yaratdıqlarına heyran qalmışdım. Bir neçə yarımçıq iş və o zaman tamamlamağa hazırladığı heykəl də o qədər mükəmməl idi ki...
Adətən, yubilyar haqqında məlumat, daha sonra isə müsahibə təqdim olunur. Bu yazını isə əksinə hazırladım. Bəri başdan deyim ki, söhbətimiz qısa alındı. Sənətkar qarşıdan gələn doğum günü, yubileyi münasibətilə təbrikimizə mütəvazi şəkildə təşəkkür edərək dedi:
– Diqqətinizə görə çox sağ olun. Xalqıma xoşbəxt, firavan həyat arzulayıram. Könlünüz nə istəyir yaza bilərsiniz, sizin sənətiniz yazmaq, mənimki isə yaratmaqdır, söz tapa bilmirəm. ...Və belə bir zamanda – şəhidlərimiz ola-ola yubiley keçirmək fikrində deyiləm, mənə yaraşmaz.
Bəlkə də haqlıdır sənətkar. Çünki onun deyəcəyi sözlər elə yaratdığı heykəllərdə dil açıb danışır. Haqqında yazılan məqalələrdə, iştirakçısı olduğumuz tədbirlərdə həmkarları da onun yaradıcılığını yüksək qiymətləndirib: “Azad Əliyevdə həm ideya, həm də icra güclüdür. Ona görə də əsərləri dünyada qəbul olunur”.
Azad Əliyevin yaratdığı nümunələr Azərbaycandan savayı, Rusiya, Polşa, Almaniya, ABŞ, İtaliya, Fransa, Belçika, Avstriya, İran və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır, muzey və parkları bəzəyir.
– Azad müəllim, “20 Yanvar” abidəsi üzərində işləyərkən yaşadığınız duyğuları bölüşərdiniz...
– Bu şəkli ilk dəfə üzə çıxarıb sizə verirəm, indiyə qədər heç kəs görməyib. “20 Yanvar” abidəsinin emalatxanada hazırlanması ilə bağlıdır. Bu abidəni həmkarım Cavanşir Dadaşovla çox qısa müddətdə – iki həftə ərzində yaratmışıq... Hər bir yaradacağın əsəri hiss etməlisən. İşləyəndə sanki qəhrəmanımın cildinə girirəm, ona görə real, canlı alınır. Hissiyyat, duya bilmək də vacib məqamdır.
Kim bilir, bəlkə də bu canlılığın bir səbəbi də müəllifin qəhrəmanlarının yaşadıqları dövrü, mühiti, iç dünyasını öyrənəndən sonra işə başlaması, cismani dünyalarını tərk edən unudulmayanların obrazını, düşüncələrini daşlara həkk etməsindədir. Yaratdığı hər bir qəhrəman müəllifin istedadının və barmaqlarının həssaslığı sayəsində uğurlu alınır, maraqla qarşılanır. Sənətkarın işlərinə diqqət yetirəndə sənətin heç də asan olmadığını, lakin hər əsərin böyük şövqlə yaradıldığının şahidi olursan.
– Azad müəllim, sənətin bizə naməlum qalan məqamlarından danışaq...
- Gəncliyimdən ağır eşitdiyimdən (indi tamam eşitmirəm) yaradıcılığımda uduzduqlarım udduqlarımdan çoxdur. Ancaq heç halımı pozmuram, başımı aşağı salıb yaradıcılığımla məşğulam, geri baxmağı xoşlamıram.
– Bildiyim qədərilə sənətə gəlişiniz təsadüfi olmayıb...
- Nəslimiz tanınmış sənətkarlar nəslidir. Məşhur rejissor, operator, rəssam, ssenarist olan Əlisəttar Atakişiyevin nəvəsiyəm. Babamın işlədiyi “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər diyarında”, “Uzaq sahillərdə”, “İstintaq davam edir” və digər filmlər bu gün də xalqımız tərəfindən sevilir. Tanınmış rəssamlar Rasim Babayev, Lətif Feyzullayev, Vəcihə Səmədova, Cabbar Qasımov, Mircavad, Kamal Əhməd, görkəmli rejissor Həsən Seyidbəyli xala uşaqlarımdır. Bir sözlə, sənətkarlar əhatəsində yaşayıb-yaratmışam.
– Bəs həyatınızın ən böyük dəyəri nəyi hesab edirsiniz? (Bu sualı verdiyimə görə peşmanlıq yaşadım. Çünki Azad müəllimin övladı Azadə çox gənc yaşlarında vəfat edib).
– Həyatımda isə ən çox sevdiyim incim qeyb olan Azadəmdir. 23 yaşında sürətlə yüksəlirdi. Azərbaycan Beynəlxalq Universitetində incəsənət tarixi üzrə müəllim işləyirdi. Elə bil göz dəydi, heç bir xəstəliyi olmaya-olmaya naşı həkim analiz olmadan, yoxlamamış əməliyyat yazdırdı. Özü də kim? Abidəsini yaratdığım yaxın dostumun bacısının əri...
Gənc Azadənin heykəli ata qəlbində əbədi ucalıb və Azad müəllim daim bu nisgillə yaşayır.
***
İndi isə Azad Əliyevin həyat və yaradıcılığı barədə. Atası istəyib ki, oğlu onun yolunu davam etdirib diş həkimi olsun. Lakin Azad ürəyinin səsinə qulaq asır, rəssamlığı seçir. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi, Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alır. 1983-cü ildən görkəmli heykəltəraş, Xalq rəssamı Ömər Eldarovun rəhbərliyi ilə elmi yaradıcılıqla məşğul olmağa başlayır. 1984-cü ildə Azərbaycan Rəssamlar İttifaqına üzv seçilir.
1991-ci ildə Dərbənd şəhərində onun yaratdığı Nizami Gəncəvinin heykəlinin açılışı olur. Şəmkir şəhərində ucaldılan Üzeyir bəy və Əhməd Cavadın himnimizin bəstələndiyi anı əks etdirən abidə kompleksində müəllifin musiqi sənətimizə ehtiramını görürük. Bu abidə kompleksini sənətşünaslar Azərbaycan himninə ucaldılmış bir sənət xariqəsi hesab edirlər.
Azad Əliyevin yaradıcılığının müəyyən dövrü Almaniya ilə bağlıdır. Bir müddət bu ölkədə yaşayan sənətkar orada 60-dan çox əsər ərsəyə gətirib.
Sənətkar çoxsaylı qəbirüstü abidələrin də müəllifidir. Bu sırada Xəlil Rza Ulutürkün məzarüstü abidəsini, istedadlı şahmatçı Vüqar Həşimovun, tanınmış ziyalı Əjdər Xanbabayevin qəbirüstü abidələri var. Bu günlər Azad Əliyev Vətən müharibəsi qəhrəmanlarının da xatirəsini ədəbiləşdirən əsərlər üzərində işləyir, öz dəst-xətti ilə şəhidlərimizin büst və heykəllərini yaradır.
Azad Əliyev həmçinin Beynəlxalq Muğam Mərkəzinin foyesini bəzəyən korifey muğam ifaçılarımızın büstlərindən 12-sinin müəllifidir. Məşhur violonçel ifaçısı M.Rostropoviç, L.Bethoven, İ.S.Baxın abidələrini yaradan müəllifin emalatxanasında hələ neçə-neçə tanınmışların heykəlləşmiş obrazları var. 65 yaşlı sənətkara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.
Lalə AZƏRİ