Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçın rayonunun gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi “Tvitter” səhifəsində etdiyi paylaşımda bildirib.

“Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub”, - deyə paylaşımda qeyd edilir.

Videoçarxda Laçın rayonu ərazisindəki Qafqaz Albaniyasının mədəni irs nümunləri – IX əsrə aid Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu Pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan “Kar günbəz” türbəsi, habelə qədim körpülər, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, agentlik tərəfindən bundan əvvəl Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarxlar təqdim olunub.