Qanlı 20 Yanvar faciəsindən 31 il ötdü. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Dövlətimizin başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

***

Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Məhz həmin hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Təəssüf ki, həm SSRİ, həm də o vaxtkı Azərbaycan rəhbərliyi bu qanlı qırğının bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görmədi, əksinə, bu cinayəti ört-basdır etmək üçün əllərindən gələni etdilər.

Faciədən bir gün sonra, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Uzun illər Azərbaycana rəhbərlik edən, keçmiş ittifaq dövlətində yüksək vəzifələrdə çalışan, zəngin idarəçilik təcrübəsi və sarsılmaz iradəsi ilə SSRİ rəhbərliyinin qəzəbinə tuş gələrək təqaüdə göndərilən Heydər Əliyev yenə də, bütün məhrumiyyətlərə baxmayaraq, o ağır günlərdə xalqının sırasında, onunla birgə oldu, həmrəy oldu.

Ulu öndər Heydər Əliyev öz bəyanatı ilə, əslində, Azərbaycanda gedən proseslərə qiymət verdi. 20 Yanvar hadisələri dövlət səviyyəsində siyasi-hüquqi qiymətini isə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra – 1994-cü ildə aldı.

Beləliklə, 20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.

Bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmağa hazırlaşırlar.