Milli Kitabxanada Nizami Gəncəviyə həsr olunan sərgi və yeni nəşrlərin təqdimatı keçirildi

Yanvarın 22-də Milli Kitabxanada “Böyük Azərbaycan şairi və mütəfəkkiri – Nizami Gəncəvi” mövzusunda kitab sərgisinin açılış mərasimi keçirildi. Sərgi dövlət başçısı tərəfindən elan edilən “Nizami Gəncəvi İli”nin açılış tədbiri kimi də əlamətdar idi.

Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir çərçivəsində, həmçinin görkəmli şərqşünas Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabının Londonda işıq üzü görən ingilis dilində nəşrinin və “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloqun təqdimatı keçirildi.

Milli Kitabxananın  direktoru, professor Kərim Tahirov tədbiri giriş sözü ilə açaraq bu məkanda indiyədək “Multikulturalizm ili”, “Nəsimi ili” və digər əlamətdar illər çərçivəsində müxtəlif mərasimlərin təşkil olunduğunu bildirdi. Qeyd etdi ki, bugünkü tədbir dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəviyə həsr olunub. Prezident İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilib. Əlamətdar il ərzində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində Nizaminin dünya kitabxanalarında mühafizə olunan əlyazmalarının surətlərinin ölkəmizə gətirilməsi diqqət mərkəzində olacaq.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Prezident İlham Əliyevin Azərbaycanın tarixi irsini, mədəniyyətin, elm və ədəbiyyatın inkişafını daim diqqətdə saxladığını dedi. Qeyd etdi ki, dövlət başçısı tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, 2017-ci ilin “İslam Həmrəyliyi İli”, 2018-ci ilin “Cümhuriyyət İli”, 2019-cu ilin “İmadəddin Nəsimi İli” elan edilməsi, həmçinin görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi ilə bağlı sərəncamlar imzalaması ümumilikdə mədəni irsimizə böyük qayğının təzahürüdür. 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması da bu ənənənin əyani nümunəsidir. Bu illər çərçivəsində bir sıra tədbirlərin həm də UNESCO səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin və ədəbiyyatının beynəlxalq miqyasda təbliğində müstəsna əhəmiyyətə malikdir.

Nazir bildirdi ki, Nizaminin 800 illik yubileyi 1941-ci ildə, 840 illik yubileyi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1981-ci ildə qeyd edilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə dahi şairin 870 illik yubileyi 2011-ci ildə geniş miqyasda və UNESCO səviyyəsində qeyd olunub. Bu il də dünya şöhrətli mütəfəkkirin 880 illik yubileyi respublikamızla bərabər, UNESCO-da və bir sıra xarici ölkələrdə, habelə TÜRKSOY çərçivəsində qeyd olunacaq.

Anar Kərimov vurğuladı ki, “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində son iki ildə 53 qiymətli əlyazmanın elektron və kağız surətlərinin ölkəmizə gətirilməsi təmin olunub. Onların arasında Türkiyə, İran, Misir, ABŞ, Avstriya, Bosniya, Çexiya, Rusiya və digər ölkələrin milli kitabxanalarında saxlanılan Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Saib Təbrizi və başqa klassiklərimizə aid qiymətli əlyazmalar var: “Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin bu günədək Azərbaycan elminə məlum olmayan qiymətli əlyazmaları ölkəmizə gətirilib. İnanırıq ki, həmin əlyazmalar alimlərimiz tərəfindən geniş tədqiq olunacaq. Bu il “Nizami ili” olduğuna görə biz şairin irsi ilə bağlı əlyazmaların surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetirəcəyik. Nizami haqqında və onun əsərlərindən ibarət çoxlu sayda kitab çap olunacaq”.

Nazir görkəmli rus şərqşünası Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı haqqında məlumat verdi. Bildirdi ki, kitab Oksford Universiteti nəzdindəki Nizami Gəncəvi Mərkəzi İdarə heyətinin üzvü, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz xanım Paşayevanın təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində həmin Mərkəz tərəfindən nəfis şəkildə nəşr olunub: “İnanıram ki, nizamişünaslığa böyük töhfə olan bu kitab Nizami yaradıcılığının dünya miqyasında daha geniş tanıdılmasında da əvəzsiz rol oynayacaq”.

Anar Kərimov Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə nəşri olan “Azərbaycan əlyazmaları Praqa Milli Kitabxanasında” adlı kataloq haqqında danışarkən qeyd etdi ki, bu layihə də “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində reallaşıb: “Kataloqda əksini tapan bir sıra əlyazmalarımızın, o cümlədən Nizami Gəncəvi “Xəmsə”sinin XIV-XV əsrlərə aid ən qədim əlyazmalarının da adı var. Çox təəssüf ki, onların əksəriyyəti bu günədək Azərbaycanda və dünyada nəşr olunan əlyazma kataloqlarında əksini tapmayıb. Bu səbəbdən də alim və mütəxəssislərimiz tərəfindən tədqiq edilməyib. Əminəm ki, Milli Kitabxanamız bu kataloqda əhatə olunan əlyazmaların elektron surətlərinin Azərbaycana gətirilməsinə nail olacaq və onları mütəxəssislərimizin istifadəsinə təqdim edəcək”.

Anar Kərimov çıxışının sonunda “Nizami Gəncəvi İli” münasibətilə bütün ədəbiyyatsevərləri təbrik etdi.

***

Mərasimdə daha sonra çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, bu il “Nizami ili” ilə yanaşı, Şuşada “Xarı bülbül” festivalı, Vaqif poeziya günləri də keçiriləcək. Bu tədbirlər Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə yanaşı, gənc nəslin mədəniyyətimizi daha yaxşı dərk etməsinə yardım edəcək.

Xalq yazıçısı Elçin, millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışlarında “Nizami ili”nin əhəmiyyətindən və dahi şairin bənzərsiz irsindən bəhs etdilər.

Daha sonra “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda virtual sərgi nümayiş olundu.

Sonda Xalq artisti Məleykə Əsədova və Əməkdar artist Elşən Rüstəmov Nizami Gəncəvinin şeirlərindən nümunələr söylədilər.

Nurəddin MƏMMƏDLİ