Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə Kəlbəcər Tarix-Diyarşünasliq Muzeyindən bərpa üçün eksponatlar daxil olub. Muzeyin direktoru Bərzani Əsgərov və Elmi Bərpa Mərkəzinin baş mühafizi İranə İbrahimovanın iştirakı ilə bərpa üçün gətirilən növbəti 20 ədəd eksponatın təhvil-təslimi həyata keçirilib.

Qeyd edək ki, 1982-ci ildə təşkil edilən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin zəngin fondunda vaxtilə 30 mindən çox eksponat olub. 1993-cü ildə Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı, rayonun digər mədəniyyət müəssisələri kimi, bu muzey də talan edilib, eksponat fondunun az bir qismini xilas etmək mümkün olub.

İşğaldan sonra Bakı şəhərində muzey yenidən təşkil edilib. Hazırda Abşeron rayonun Mehdiabad qəsəbəsində müvəqqəti məkanda yerləşən Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin fondunda 6 minə yaxın eksponat var.

Kəlbəcər rayonu, Azərbaycan Ordusunun Vətən müharibəsində tarixi Zəfərinin nəticəsi olaraq, 2020-ci ilin 25 noyabrında işğaldan azad edilib. Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları, o cümlədən Elmi Bərpa Mərkəzində yeni həyat veriləcək tarixi-mədəni irs nümunələri doğma yurda qayıdışı gözləyir.