TÜRKSOY-un dəstəyi ilə Kiyevdə görkəmli şərqşünas alim, akademik Aqafangel Krımskinin (1871-1942) 150 illiyinə həsr olunmuş kitab nəşr edilib. “Dövlətçiliyin yaradılmasının Şərq ənənələri” adlı kitabda ilk dəfə olaraq “Azərbaycan ədəbiyyatı Ukrayna dilinə tərcümələrdə (1917-2020)” biblioqrafik tədqiqatı da dərc edilib. Kitabın müəllif kollektivinin rəhbəri tarix elmləri namizədi Vladimir Omelçukdur.

Biblioqrafik tədqiqat Ukrayna Milli Elmlər Akademiyasının V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsi tərəfindən hazırlanıb. Biblioqrafiyanın hazırlanmasında Ukrayna Milli Kitabxanasının fond və kataloqlarından, retrospektiv göstəricilərdən, dövlət biblioqrafiyasının nəşrlərindən istifadə edilib. Tədqiqat üzərində kitabxananın Beynəlxalq informasiya və xarici əlaqələr şöbəsinin müdiri Tatyana Arseyenko, həmçinin Alina Kolesniçenko, Tatyana Qrişina, Anjela Şumilova, Yulya Fix çalışıblar. Biblioqrafik tədqiqatın redaktoru Ukrayna Milli Kitabxanasının elmi-biblioqrafik məlumat şöbəsinin müdiri, sosial kommunikasiyalar üzrə elmlər doktoru Tatyana Dobkodur.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk deyib: “Kitab oxucu və tədqiqatçılara azərbaycanlı müəlliflər, onun əsərlərinin Ukrayna dilinə tərcümələri barədə məlumatları daha tez əldə etməyə imkan verəcək. Qeyd etmək istəyirəm ki, biz V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanası ilə birgə mühüm ədəbiyyat layihələrində bu biblioqrafiyadan istifadə etmişik. 2019-cu ildə dahi şair və mütəfəkkir Nəsiminin 650 illiyi münasibətilə “Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əsərləri Ukrayna dilinə tərcümələrdə (V.İ.Vernadski adına Ukrayna Milli Kitabxanasının fondlarında)” adlı tədqiqatın təqdimat mərasimini birgə keçirdik. Ümidvaram ki, bu il Nizami Gəncəviyə həsr olunan oxşar tədqiqatı da təqdim edə biləcəyik”.