Ötən il Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 14 sənədli film və sosial videoçarx hazırlanıb. Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu” layihəsi çərçivəsində hazırlanan klip, “Vətən borcu”, Azərbaycan Bibliya Cəmiyyətinin sifarişi ilə çəkilən “Mənəvi borc” filmi, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının təşkilatçılığı ilə rus və ingilis dillərində hazırlanan “Dağlıq Qarabağda məhv edilən Azərbaycan dini abidələri” adlı videoçarx ictimaiyyətə təqdim edilib.

Bu barədə yanvarın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclasında məlumat verilib.

Fond 2020-ci ildə müxtəlif müəlliflər tərəfindən təqdim olunan mənəvi dəyərlərin təbliği, dinlərarası dialoqun gücləndirilməsi, radikalizmlə mübarizəyə aid maarifləndirici və dini mövzularda 22 adda ədəbiyyatın nəşrinə maliyyə dəstəyi göstərib. “Azərbaycan tolerantlığında alman irsinin izləri və memarlığı” adlı kitab nəşr edilib.

Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini konfessiya rəhbərləri ilə sıx əməkdaşlıq şəraitində birgə bəyanatlar qəbul edilib.

Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycandakı yəhudi icmaları, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycandakı Katolik dini icması və Yevangelist-Xristian protestant dini icmaları tərəfindən rus və ingilis dillərində verilən bəyanatlarda erməni vandalizmi pislənilib, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilib. Eyni zamanda müsəlman və qeyri-müsəlman dini icmalarının rəhbərləri tərəfindən xarici ölkələrin müxtəlif rəsmi şəxslərinə və qurumlarına, dini sahə ilə məşğul olan xarici və beynəlxalq təşkilatlara, dini mərkəzlərə xarici dillərdə müraciətlər ünvanlanıb.

Hesabat ili ərzində Qafqaz Albaniyasının işğaldan azad olunmuş ərazilərdəki irsinin təbliği ilə bağlı materiallar, erməni vəhşiliyi və vandalizmini əks etdirən videoçarxlar, məscidlərimizin dağıdılması ilə əlaqədar məlumatlar xarici dillərdə yayılıb.