Qətərin paytaxtı Doha 2021-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” missiyasını qəbul etməyə hazırlaşır. Bununla bağlı həyata keçiriləcək tədbirlər İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (İCESCO) və Qətər Əlaqələndirmə Komitəsi arasında keçirilən videokonfransda müzakirə olunub.

İCESCO-nun baş ofisindən bildiriblər ki, Qətər tərəfi “İslam mədəniyyətinin paytaxtı” ili çərçivəsində təşkil ediləcək tədbirlərin proqramını təqdim edib. Qətər tədbirlərin rəsmi açılış mərasimini martın 8-də keçirməyi təklif edib. Qeyd olunub ki, il ərzində beynəlxalq sərgi, incəsənət festivalları və mədəniyyət həftələri İCESCO ilə koordinasiya şəraitində təşkil ediləcək.

Qeyd edək ki, İCESCO-nun “İslam mədəniyyətinin paytaxtı” layihəsi 2005-ci ildən həyata keçirilir. İndiyədək Azərbaycandan iki şəhər – 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan bu missiyanı daşıyıb. 

“İslam mədəniyyətinin paytaxtı” adını daşıyacaq şəhərlər üç region-qrup üzrə (Asiya, Afrika və Ərəb regionu) elan olunur. 2018-ci ildə “İslam mədəniyyətinin paytaxtı” adını Azərbaycanın Naxçıvan şəhəri (Asiya regionu üzrə) ilə yanaşı, Bəhreynin Əl-Muharraq və Qabonun Libervil şəhərləri daşımışdı. 2020-ci ildə ərəb dünyasından Qahirə (Misir), Asiya qrupundan Buxara (Özbəkistan), Afrika qrupundan Bisau (Qvineya Bisau) şəhərləri “İslam mədəniyyətinin paytaxtları” elan edilmişdi. Lakin məlum pandemiya səbəbindən il ərzində nəzərdə tutulan kütləvi tədbirlər keçirilməmişdi.