Mədəniyyət naziri Anar Kərimov Real TV-yə müsahibə verib. Nazir ölkəmizdə kino sənətinin inkişafı ilə bağlı görüləcək işlər, “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya filmləri müsabiqəsi barədə danışıb.

Anar Kərimov kino sahəsində yeni qurumun – Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) yaradılacağını bildirib. Qeyd edib ki, bu qurumun yaradılmasında əsas üç məqsəd var. Birincisi, müasir infrastrukturunun yaradılması; maddi-texniki bazanın qurulması, ikincisi, hüquqi bazanın yaradılması və təkmilləşdirilməsi; üçüncüsü, kino sahəsində çalışan insan resurslarının təkmilləşdirilməsi və gücləndirilməsi.

Nazir deyib: “Kino haqqında yeni qanunun layihəsini Milli Məclisə təqdim edib payız sessiyasında müzakirəsini keçirmək istəyirik. Hazırda bununla bağlı müzakirələr aparırıq. Planımızda ilk sırada olan məsələ isə Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılmasıdır. Agentlik publik şəxs kimi fəaliyyət göstərəcək. Əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şəraiti yaratmaq, bu sahəyə investisiyaları, xarici investorları cəlb etmək, özəl sektorla işləri qurmaq və qeyd etdiyim kimi, insan resurslarına diqqəti gücləndirmək, bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır”. 

Anar Kərimov vurğulayıb ki, eyni zamanda kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması nəzərdə tutulub: “Bu bizə imkan verəcək ki, xaricdə olan kinostudiyalar öz filmlərini Azərbaycanda çəksinlər və təbii ki, bu həm də Azərbaycana sərmayə gətirəcək”.

Nazir “Böyük qayıdış” müsabiqəsi barədə də söz açıb. Qeyd edib ki, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsilə töhfə vermək üçün “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan olunub. “Məqsədimiz bu sahədə çalışan insanların milli vətənpərvərlik ruhunda olan filmlərinin ərsəyə gətirməsi və cəmiyyətə təbliğ edilməsidir. Biz bu layihə ilə yaradıcı insanlara dəstək olmaq istəyirik”, – deyə nazir bildirib.

Lalə AZƏRİ